Astara rayonunda borca görə qohumunun evindən külli miqdarda qızıl-zinət əşyaları oğurlamaqda təqsirləndirilən şəxsə hökm oxunub.
Qaynarinfo-nun məlumatına görə, ittihama əsasən, təqsirləndirilən şəxs Ş.İrşadov gecə saatlarında evə daxil olaraq ikinci mərtəbədə yerləşən yataq otağındakı şkafdan ümumi dəyəri 9 min 600 manat olan qızıl-zinət əşyalarını götürüb və hadisə yerini tərk edib.
Məhkəmə iclasında təqsirləndirilən şəxs borcları səbəbindən maddi çətinlik yaşadığını, spirtli içki qəbul etdikdən sonra belə bir addım atdığını bildirib. O, oğurladığı qızılları daha sonra qaytardığını və əməlindən peşman olduğunu qeyd edib.
Zərərçəkmiş şəxs isə evdən müxtəlif növ qızıl-zinət əşyalarının oğurlandığını, sonradan onların polis əməkdaşları tərəfindən geri qaytarıldığını və hazırda şikayətinin olmadığını bildirib.
Məhkəmənin hökmü ilə Ş.İrşadova Cinayət Məcəlləsinin 177.2.3 (Oğurluq - yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikd) və 177.2.4-cü (Oğurluq - xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə təqsirli bilinərək 3 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.
Qərara əsasən, şübhəli şəxs qismində saxlanıldığı müddət təyin olunmuş cəzadan çıxılıb və üzərində qəti olaraq 2 il 11 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılıb.
Seyid
Şərhlər