Kamçatkadakı Tolbaçik vulkanından helikopterlərlə 99 nəfər təxliyə olunub, daha 18 turist isə aparılmağı gözləyir. Onlar güclü yağışların yolu yuyub aparması səbəbindən vulkan ərazisində köməksiz vəziyyətdə qalmışdılar.
Qaynarinfo Az TASS-a istinadən xəbər verir ki, bu barədə Kamçatka diyarı hökumətinin mətbuat xidməti məlumat yayıb.
"Sonuncu turistlər Tolbaçik vulkanındakı turist marşrutunda yerləşən "Myortvıy les" meydançasından götürülür. Esso kəndinə ayrılan yolayrıcına qədər ümumilikdə altı helikopter reysi həyata keçirilib. 18 turist yeddinci reysi gözləyir", - deyə rəsmi məlumatda bildirilir.
Azərbaycan Fövqəladə Hallar Nazirliyindən (FHN) verilən məlumata görə, təxliyə olunanlar arasında Azərbaycan vətəndaşı, aparıcı və animator Tatyana Dolivets də var. O, təxliyə olunması barədə özünün "Instagram" hesabında da məlumat verib.
Xatırladaq ki, avqustun 22-də turistlər əlverişsiz hava şəraiti səbəbindən Tolbaçik vulkanı ərazisində ilişib qalmışdılar. Marşrutda dərin yarğanlar yarandığından nəqliyyat vasitələrinin hərəkəti qeyri-mümkün olmuşdu.
Ümumilikdə vulkan ərazisində 149 nəfər qalmışdı. Helikopterlərlə 117 turistin təxliyə edilməsi planlaşdırılır. Qalan 32 nəfər isə texnika ilə birlikdə yerində qalan və yolun bərpasını gözləyən sürücülərdir.
Şərhlər