Amal Abuşov
İdman 10:05 04.06.2022

Canni De Byazi qazaxlarla görüşə necə hazırlaşmışdı?

Siz Federiko Turitsianini tanıyırsız? İnanıram ki, çoxunuza onun adı heç tanış gəlmədi. Onu aktyor, yaxud səyyah zənn edəniniz də oldu. Xeyr, əzizlərim. Bu adda və soyadda italyan Azərbaycan millisinin məşqçilər korpusunda yer alır. İki ilə yaxındı ki, ona və onun kimi dörd nəfər italyana Azərbaycan xalqının boğazından kəsilən pulla məvacib verirlər. Verirlər ki, onlar təqaüd yaşını haqlayan Canni De Byazi ilə birlikdə bizim futbolumuzu ağ günə çıxarsınlar, millimizə qələbələr qazandırıb, azarkeşləri sevindirsinlər. 

Sevindirirlərmi? Əlbəttə ki, yox. 

Dünən axşam yenə də bizi el-aləmə rəzil etdilər, Malta və Latviyadan sonra Qazaxıstan da bizi məğlub etməyin həzzini yaşadı. Artıq De Byazinin yalanları, bəhanələri də işə yaramır. Əvvəllər reytinqdən, Avropanın güclü yığmaları ilə qarşılaşmağımızdan danışırdı. Ardıcıl Malta, Latviya və Qazaxıstana "quru" hesabla uduzandan sonra italyan qocanın bəhanələri də göyə uçdu. Uduzmaq bir yana e, biz rəqiblərin qapısına bir top da vura bilməmişik. 

Bu yaxınlarda vətənində verdiyi müsahibədə Canni De Byazi Bakıda tanrı kimi yaşadığını demişdi. Adam haqlıdı. Gərgin qrafiklər öncəsi milyonlarla avro maaş alan məşqçi köməkçilərini başına yığıb, rəqibləri təhlil etməli, müxtəlif taktiki variantlar hazırlamalı idi. Bu işdə Canni De Byaziyə videoanalitik adıyla Azərbaycana sırınan Federiko Turitsiani də kömək etməliydi. Amma Bakıda tanrı kimi yaşayan Canni vaxtını Federiko ilə birlikdə taktika lövhəsi arxasında keçirməyib. 

Bəs adam harda olub? 

Onu da bilirik. Canni De Byazi vaxtını "Sumqayıt"ın menecer-prezidenti Riad Rəfiyevin bağında qurulan kef məclisində, manqal və şərab partisində keçirib. Kababdan yeyib, şərabdan içən italyanın qazaxlarla oyun baradə düşünməyə nə zamanı qalıb, nə də həvəsi. Bu "çətin işdə" ona Riad Rəfiyevlə yanaşı millinin inzibatçısı Əli Davudov, Futbolun İnkişafı Fondunun üzvü Şaiq Qəribzadə də kömək ediblər. Bəs necə, kababı təkbaşına yeyib, şərab qədəhlərini toqquşdurmadan içmək olmazdı axı. 

Yeri gəlmişkən, həmin o Əli Davudov dünən texniki zonada da De Byazinin yanındaydı. Ehtiyat oyunçular skamyasında həm İslam Abbasov, həm də Əli Davudov əyləşmişdi. Siz də deyirsiz ki, bizimkilər qazaxları niyə udmadı. Neynəməliydilər, udmalıydılar?!

Amal Abuşov