Amal Abuşov
İdman 10:29 10.08.2022

Çerçesov və Molla Nəsrəddin

Əvvəlcə sizə Molla Nəsrəddindən danışım. Bir gün padşah yediyi yeməklərdən təngə gəlir, tapşırıq verir ki, onun üçün yeni yemək növü tapsınlar. Padşah bəyənəcəyi yeni yeməyin ixtiraçısına böyük miqdarda mükafat sözü də verir. Molla Nəsrəddin də həvəsə düşür, xeyli baş sındırır və axırda da "tapır”. Onu padşahın sarayına aparırlar. Molla deyir ki, padşahımız sağ olsun, sarımsağı bala batırıb yeyin. Padşah mollanın bu "ixtirasından” bir tikə ağzına qoyan kimi sir-sifətini turşudur. Əmr edir ki, bütöv bir sarımsağı balla "ixtiraçının” özünə yedirsinlər. Molla Nəsrəddin sarımsağı bala batırıb yedikcə gözlərindən yaş axır. Padşah soruşur ki, necədi, ay molla? Molla Nəsrəddinin cavabı belə olur: "Padşah sağ olsun, mənim düşündüyüm nəzəriyyə idi. Bu yeməyin nəzəriyyəsi ilə əməliyyəsi bir-birinə uyğun gəlmədi”.

İndi sizə Stanislav Çerçesovdan danışım. Əslində bizim onunla işimiz yox idi, adama digər rəqiblərimizin baş məşqçiləri kimi normal yanaşar, onun davranışlarını anlayışla qarşılayardıq. Amma işin içinə Rusiya mətbuatı girdi. Ortalığı qatıb-qarışdırdılar. Binəvalar Qarabağ və Azərbaycan sözlərinin yanaşı çəkilməsindən o qədər qıcıqlanırdılar ki, axırda dağdan ağır Çerçesovu da "rasxoda” verdilər. İş o yerə gəlib çatmışdı ki, ruslar macarlardan daha çox "Ferentsvaroş”a azarkeşlik etməyə başlamışdılar. Sanki "Ferentsvaroş” Macarıstanın deyil, Rusiyanın çempionu idi, Çempionlar Liqasında da Budapeşt yox, Moskva təmsilçisi kimi çıxış edirdi. Hər cür təxribata əl atan ruslar yazılarında, sosial şəbəkələrdəki paylaşımlarında "Qarabağ”ın Azərbaycan şəhəri Ağdamı təmsil etdiyini, Azərbaycan çempionu olduğunu yazmır, "Карабах” yazmaqla kifayətlənirdilər. Düzdü, o binavaları da başa düşürdük. UEFA rus klublarını avrokuboklara buraxmadığı üçün meyllərini Çerçesovun komandasına, Macarıstan təmsilçisi "Ferentsvaroş”a salmışdılar. 

Yazdılar, pozdular, ortalığı əməlli-başlı gərdilər. Azərbaycanlı futbol azarkeşləri də Rusiya mətbuatının qəhrəman obrazında təqdim etməyə çalışdığı Çerçesova qarşı qıcıq olmağa başladı. Stanislav Salamoviçin Bakıdakı oyundakı görüntüsü hələ də gözümün önündədi. Qara kostyumu, ağ idman ayaqqabısı ilə "göz qamaşdıran” çalışdırıcısı 90 dəqiqə ərzində əllərini cibindən çıxarmayaraq ehtiyat oyunçular skamyasının önündə var-gəl etdi. Özündən xeyli razı görünürdü. Ara-sıra hakimə etiraz bildirir, son dəqiqələrdə vaxtı çox uzatmasından narazılıq edirdi. Vəssalam. Sanki onun komandası hər şeyi mükəmməl icra edirdi, hər hansı əlavə göstərişə ehtiyac duymurdu. Bu cür davranışın özü də bir psixoloji həmlə idi. Macar komandasının Bakıda işi heç də pis getmədi. Hesabı onlar açdılar, sonda da məğlub olmadılar. Hər nə qədər bu fikri özümüzdən uzaqlaşdırmağa çalışsaq da, cavab görüşünü doğma meydanda keçirən rəqib "Qarabağ” üzərində psixoloji üstünlük qazanmışdı. Evdə doğma divarlarların və azarkeşlərin köməyi ilə bu üstünlüyü daha da artırmaq mümkün idi.

Heç şübhə etmirəm ki, macarlar və Çerçesovdan daha çox Rusiya mətbuatı son bir həftədə bu cür düşüncələrin ağuşunda sərməst olmuşdu. Onlar manşetlərini, yazacaqları yazıları hazırlamışdılar, Budapeştdəki oyunun final fitini gözləyirdilər. Amma olmadı. "Matç TV” "Feysbuk”dakı səhifəsində Çerçesovun Çempionlar Liqasında mübarizəni dayandırmasını göz yaşları simvolu ilə paylaşıb. Adamların mahiyyətləri, niyyətləri göz önündədi. Onların sevimlisi Çerçesovun neynəyib? Bəli, özünü Molla Nəsrəddinin gününə salıb. Sitat: "Fikrimizcə, biz udmalı idik. Amma praktikada bunu bacarmadıq”. Sarımsağı bala batırıb yemə, Stanislav Salamoviç. Axırda göz yaşlarına hakim ola bilməzsən. Klub prezidentindən rəqibin güclü olduğunu etiraf etməyi öyrən!

Amal Abuşov