
"OpenAI" ChatGPT-nin istifadəçilərlə həddindən artıq razılaşmaq və onların fikirlərini əsassız şəkildə dəstəkləmək meylini azaltmağa çalışır. Şirkətin məqsədi çatbotun yalnız istifadəçinin eşitmək istədiklərini söyləməsi deyil, yanlış fikirlərə əsaslandırılmış şəkildə etiraz etməsi və alternativ yanaşmalar təklif etməsidir.
Qaynarinf PCWPlus.hu-ya istinadən xəbər verir ki, bu problem süni intellektin istifadəçinin gözləntilərinə uyğunlaşaraq ona yersiz təriflər yağdırması və fikirlərini avtomatik təsdiqləməsi ilə xarakterizə olunur. "OpenAI" 2025-ci ildə ChatGPT-ni həddindən artıq yaltaq və razılaşan edən yeniləməni geri götürmüş, daha sonra GPT-5 modelinin hazırlanması zamanı bu məsələyə xüsusi diqqət ayırmışdı.
Şirkətin hədəf testlərinə əsasən, GPT-5 modelində yaltaq cavabların payı GPT-4o ilə müqayisədə 14,5 faizdən 6 faizdən aşağı düşüb. Real istifadə göstəricilərinin ilkin təhlili də əvvəlki modellə müqayisədə istifadəçilərlə həddindən artıq razılaşma hallarının pulsuz istifadəçilər arasında 69 faiz, ödənişli abunəçilər arasında isə 75 faiz azaldığını göstərib.
"OpenAI" hesab edir ki, bu dəyişikliklər yalnız cavabların dəqiqliyi baxımından deyil, istifadəçilərin şəxsi qərarlarına və emosional vəziyyətinə təsir baxımından da əhəmiyyətlidir. Çünki çatbotun hər fikri qeyd-şərtsiz dəstəkləməsi yanlış qənaətləri möhkəmləndirə və insanları səhv qərarlar verməyə sövq edə bilər.
Bununla belə, şirkət ChatGPT-nin soyuq və ya qeyri-səmimi ünsiyyət vasitəsinə çevrilməsini istəmir. Məqsəd istifadəçilərə empatiya ilə yanaşmaq, eyni zamanda əsassız iddiaları sorğulamaq və lazım gəldikdə səhvləri göstərmək arasında tarazlıq yaratmaqdır. "OpenAI" həmçinin süni intellektdən emosional asılılıq yaşayan və psixoloji çətinliklərlə üzləşən insanlarla daha təhlükəsiz ünsiyyət üsullarını araşdırır.
Beləliklə, şirkətin yanaşması ChatGPT-nin istifadəçini razı salmaqdan daha çox, ona dürüst və əsaslandırılmış cavablar verməsinə yönəlib.
Aydın