
Bəşəriyyət 2100-cü ilədək süni intellekt (Sİ) və ya nüvə müharibəsi səbəbindən məhv olmaq təhlükəsi ilə üzləşə bilər.
Qaynarinfo xəbər verir ki, bu barədə “The Lancet” jurnalının XXI əsrdə qlobal sağlamlıq təhdidlərinə həsr olunmuş komissiyasının alimləri məlumat veriblər.
“Bioloji silahlardan istifadə də daxil olmaqla, süni intellektin zərərli məqsədlərlə tətbiqi, eləcə də sonradan aclığa səbəb ola biləcək nüvə münaqişəsi qarşıdakı 75 il ərzində bəşəriyyətin məhv olması riskini yaradır”, deyə materialda qeyd olunub.
Ekspertlər ümumilikdə bəşəriyyət üçün 17 əsas təhlükə müəyyən ediblər. Bunlara atmosferin çirklənməsi, qidalanma çatışmazlığı, iqlim dəyişikliyi, hərbi münaqişələr, təhsil səviyyəsinin aşağı olması, psixi pozuntular və digər problemlər daxildir.
Müəlliflər dünya liderlərini bu riskləri ilkin mərhələdə aradan qaldırmağa çağırıblar.
İyun ayında Massaçusets Texnologiya İnstitutu və Lester Universitetinin alimləri Yer tarixində dinozavrların məhvinə səbəb olan fəlakət də daxil olmaqla, bütün böyük kütləvi məhvolma hadisələrinin ortaq səbəbi ola biləcəyini bildiriblər. Onların fikrincə, ətraf mühit canlı orqanizmlərin uyğunlaşa biləcəyindən daha sürətlə dəyişib.
Tədqiqat müəllifləri qeyd ediblər ki, əksər heyvan qruplarının uyğunlaşma sürəti müəyyən diapazonda dəyişir. Ehtimal olunur ki, bu xüsusiyyət milyonlarla il ərzində ətraf mühitdə baş verən təbii dəyişikliklərin təsiri altında formalaşıb.
Aydın