Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (AİHM) yanında səlahiyyətli nümayəndəsi Çingiz Əsgərov AİHM-in "V.T. və digərləri Azərbaycana qarşı" işi üzrə 18 iyun 2026-cı il tarixli qərarını tənqid edib.
Qaynarinfo xəbər verir ki, C.Əsgərovun bununla bağlı yaydığı bəyanatda sözügedən qərarın ədalətsiz, qərəzli və beynəlxalq hüququn prinsiplərinə zidd olduğu bildirilib.
Qeyd olunub ki, AİHM iş üzrə qərar qəbul edərkən hadisələrin bütün hallarını hərtərəfli araşdırmayıb və kifayət qədər mötəbər sübutlara əsaslanmayıb.
Bəyanatda AİHM-in qərarda Azərbaycanın etirazlarına baxmayaraq, ölkənin suverenliyi və ərazi bütövlüyü ilə ziddiyyət təşkil edən terminologiyadan istifadə etməsi də tənqid olunub, "DQR"ə və onun müxtəlif strukturlarına istinadların beynəlxalq səviyyədə tanınmayan separatçı quruma legitimlik görüntüsü yaratdığı bildirilib.
Səlahiyyətli nümayəndə qeyd edib ki, AİHM-in daha əvvəl "Çıraqov və digərləri Ermənistana qarşı" işi üzrə qəbul etdiyi qərarda Ermənistanın Azərbaycanın işğal olunmuş əraziləri üzərində faktiki nəzarəti qeyd edilsə də, son qərarda həmin ərazilərin "DQR" kimi təqdim olunması hüquqi baxımdan ziddiyyətli görünür.
Bəyanatda həmçinin qərarın qəbul edilməsi zamanı Ermənistan vətəndaşı olan hərbçinin Azərbaycan ərazisində xidmət keçməsinin səbəblərinin araşdırılmadığı, eləcə də iş materiallarının Ermənistan tərəfindən təqdim edilməsinin diqqətdən kənarda saxlanıldığı vurğulanıb.
Azərbaycan tərəfi qərarın faktların birtərəfli qiymətləndirilməsi əsasında qəbul edildiyini, Ermənistanın təqdim etdiyi materiallara üstünlük verildiyini və Azərbaycanın mövqeyinin lazımi səviyyədə nəzərə alınmadığını bildirib.
AHİM-in qərarının kompensasiya ilə bağlı hissəsi də tənqid olunaraq qeyd edilib ki, Məhkəmə bu məsələdə əvvəlki presedentlərdən fərqli yanaşma sərgiləyib və bu, qərarın obyektivliyi ilə bağlı suallar yaradır.
Ç.Əsgərov AİHM-in qərarında əks olunan nəticələrin qəti şəkildə rədd edildiyini vurğulayaraq, Azərbaycan tərəfinin bu qərara münasibətdə bütün mümkün hüquqi və prosessual mexanizmləri nəzərdən keçirəcəyini bildirib.
Şərhlər