Çində yalnızlıq problemi getdikcə yeni bir iqtisadi sahəyə çevrilir. Gənclər və şəhər istehlakçıları artıq yalnız yemək, səyahət və ya idman üçün deyil; söhbət etmək, dağa qalxmaq, oyun oynamaq, xəstəxanaya getmək və ya sadəcə yanında birinin olmasını təmin etmək üçün ödəniş edirlər. "Dostluq iqtisadiyyatı” kimi adlandırılan bu yeni bazarın 2025-ci ildə təxminən 50 milyard yuan, yəni 7,4 milyard dollara çatdığı təxmin edilir.
Qaynarinfo xəbər verir ki, Çində sürətlə genişlənən bu yeni istehlak modeli müasir şəhər həyatının yalnızlıqla münasibətini üzə çıxarır. Bəzi istifadəçilər "hotpot” restoranına tək getməmək üçün yemək yoldaşı, bəziləri səfərlərdə onlara müşayiət edəcək biri, digərləri isə çətin dağ yürüşləri üçün "tırmanış yoldaşı” kirayələyir.
Bu xidmətlər əsasən tələbələr, yeni məzunlar və ya çevik iş rejimində çalışan gənclər tərəfindən sosial media platformaları vasitəsilə təklif olunur. Elanlarda "emosional dəyər”, söhbət, praktik dəstək və təhlükəsiz müşayiət kimi vədlər ön plana çıxır.
Yalnızlıq xidmətə çevrilib
Çində bu yeni sahə "companionship economy”, yəni yoldaşlıq və ya müşayiət iqtisadiyyatı kimi tanınır. Xidmətlərin əhatə dairəsi genişdir: birlikdə yemək yemək, alış-veriş etmək, oyun oynamaq, səyahətə çıxmaq, dağa qalxmaq, xəstəxana müayinəsinə müşayiət etmək və ya sadəcə söhbət etmək.
Şandunq əyalətindəki Tai dağı bu trendin ən diqqətçəkən mərkəzlərindən birinə çevrilib. 1545 metr hündürlüyündəki dağda "pei pa” adlanan peşəkar "alpinist dostları" müştərilərin çantasını daşıyır, foto çəkir, motivasiya verir və lazım gəldikdə fiziki dəstək göstərir. Bəzi "alpinist dostlar"ın gündə təxminən 700 yuan qazandığı bildirilir.
Keçmiş hərbçi Çen Venşin 2022-ci ildə yaratdığı "alpinist dost" şirkətinin qısa müddətdə böyüdüyünü deyir. Şirkətin komandası 10 nəfərdən təxminən 370 nəfərə yüksəlib və Tai dağında gündüz qalmağın qiymətinin 800 yuan olduğu qeyd edilir.
Ödənişlə gələn "bəli”
Mütəxəssislərə görə, bu sektorun böyüməsinin arxasında yalnız əyləncə deyil, daha dərin sosial səbəblər dayanır. Böyük şəhərlərdə ailədən uzaq yaşamaq, uzun iş saatları, işsizlik təzyiqi və ənənəvi sosial bağların zəifləməsi gəncləri "zəmanətli sosial təmas” axtarmağa yönəldir.
Psixoterapevtlərin fikrincə, ödənişli yoldaşlıq xidmətinin cəlbediciliyi gündəlik sosial münasibətlərdəki qeyri-müəyyənliyi azaltmasındadır. Adi münasibətlərdə rədd edilmə və qarşılıq görməmə riski olduğu halda, ödənişli xidmətdə nəticə daha proqnozlaşdırıla bilən olur: pul ödənildikdə qarşıda dinləməyə və müşayiət etməyə hazır bir insan olur.
Çində aparılan araşdırmalar da gənclərin "emosional istehlak” adlandırılan sahələrə daha çox pul xərclədiyini göstərir. Bu kateqoriyaya konsert biletlərindən kolleksiya məhsullarına, süni intellekt yoldaşlarından ödənişli müşayiət xidmətlərinə qədər geniş sahə daxildir.
Yalnız gənclər deyil
Yoldaşlıq iqtisadiyyatı təkcə gənclərin problemi deyil. Sektorun hədəf qruplarından biri də yaşlılardır. Çində 60 yaşdan yuxarı əhalinin sayı 300 milyonu keçib və onların böyük hissəsi övladlarından ayrı yaşayır.
Bu səbəbdən xəstəxana randevularına müşayiət edən peşəkar xidmətlər də inkişaf edir. Bəzi şirkətlər yaşlı xəstələr üçün növbə tutma, xəstəxanada istiqamətləndirmə, dərman alma, qeydlər aparma və mənəvi dəstək kimi xidmətlər göstərir. Şanxayda bu sahədə xüsusi personal yetişdirən şirkətlərin olduğu bildirilir.
Evlilik azalır
Bu tendensiya Çində daha geniş demoqrafik dəyişikliklərlə də əlaqələndirilir. Ölkədə nikahların sayı azalır, gənclər arasında işsizlik və iqtisadi qeyri-müəyyənlik sosial həyat seçimlərinə təsir edir. Gənclərin bir hissəsi evlilik və uşaq sahibi olmağa daha ehtiyatla yanaşır.
Tək yaşayanların sayının artması da bu bazarı genişləndirən əsas amillərdən biridir. Bu dəyişiklik tək nəfərlik restoranlardan təhlükəsizlik tətbiqlərinə, ev heyvanı bazarından süni intellekt yoldaşlarına qədər bir çox yeni xidmətləri formalaşdırır.
Bu transformasiyanın diqqətçəkən nümunələrindən biri də istifadəçilərin mütəmadi olaraq "həyatdayam” təsdiqi verməsini tələb edən tətbiqlərdir. İstifadəçi müəyyən müddət ərzində giriş etmədikdə, sistem əvvəlcədən təyin olunmuş şəxsə xəbərdarlıq göndərir. Bu, Çində tək yaşama və diqqətdən kənarda qalma qorxusu ilə bağlı geniş müzakirələr yaradıb.
Risklər də artır
Bununla yanaşı, sektorun inkişafı riskləri də artırır. Məxfilik pozuntuları, sui-istifadə halları, xidmət standartlarının qeyri-müəyyənliyi və təhlükəsizlik problemləri əsas risklər kimi göstərilir.
Mütəxəssislər istifadəçilərə yazışma və ödəniş qeydlərini saxlamağı, xidmət göstərənlərə isə daha aydın qaydalar və sertifikatlaşdırma mexanizmləri tətbiq etməyi tövsiyə edir. Bəzi platformalar isə bu sahədə risklər səbəbilə müəyyən elanları məhdudlaşdırır.
Çində yoldaşlıq iqtisadiyyatının böyüməsi göstərir ki, yalnızlıq artıq təkcə şəxsi problem deyil, həm də iqtisadi bazara çevrilib. İnsanlar müasir həyatın zəiflətdiyi sosial bağları bu dəfə tətbiqlər və saatlıq ödənişlər vasitəsilə yenidən qurmağa çalışır.
Sonda isə sual açıq qalır: yoldaşlıq ödənişlə alındıqda, o hələ də həqiqi yoldaşlıq sayılırmı?
Aydın
Şərhlər