ABŞ-ın Florida ştatında dörd dostun aldığı tənha ada uğurlu biznes layihəsinə çevrilərək milyonlarla dollar gəlir gətirib.
Qaynarinfo xəbər verir ki, bu barədə "Supercar Blondie” yazıb.
Məlumata görə, 2017-ci ildə Koul Viver, Rassel Lumis, Ceyms Vest və Con Entoni Qadd Hillsboro körfəzində yerləşən 3,6 hektarlıq Pine-Key adasını almağa qərar veriblər. Onlar 65 000 dollar toplayaraq adanı satın alıb və ərazini tamamilə dəyişdirən iddialı layihəyə başlayıblar.
Uzun illər yaxtçılar bu adadan görüş yeri kimi istifadə edib və tez-tez partilərdən sonra boş pivə qutuları buraxıblar. Bu səbəbdən ada "Pivə qutuları adası” kimi tanınıb. Yeni sahiblər isə bu reputasiyanı dəyişmək əvəzinə onu brendə çeviriblər.
Dostlar əraziyə böyük investisiya qoyaraq tropik üslubda çardaqlar, sanitar qovşaqlar, sahil barı, su attraksionları və tədbir meydançaları inşa ediblər. Nəticədə ada toylar, konsertlər, tədbirlər və həftəsonu istirahəti üçün məşhur məkana çevrilib.
Hazırda adanın dəyəri təxminən 14 milyon dollar olaraq qiymətləndirilir. Sahiblər müəyyən dövrlərdə satışı da nəzərdən keçiriblər və marketinq materiallarında bu əmlak həm şəxsi, həm də korporativ istifadə üçün nadir fürsət kimi təqdim olunub.
Aydın
Şərhlər