Xəbər lenti

Dövlət mülkiyyətində olan avtomobili oğurlayıb satmaq istədi
Ölkə 13:42 02.07.2026

Dövlət mülkiyyətində olan avtomobili oğurlayıb satmaq istədi

Ağdərə rayonundan dövlət mülkiyyətində olan avtomobili oğurlayan şəxs məhkəmənin hökmü ilə 2 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.

Qaynarinfo-nun məlumatına görə, məhkəmə araşdırması zamanı müəyyən edilib ki, Ə.İ. Ağdərə şəhəri ərazisində yol kənarında işlək vəziyyətdə olan dövlət mülkiyyətindəki "Mitsubishi Pajero İO" markalı avtomobili gizli şəkildə ələ keçirərək yaşadığı İsmayıllı rayonuna aparıb. Bu əməllə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Qarabağ ərazisi şöbəsinə 6500 manat məbləğində maddi ziyan vurulub.

Məhkəmə zamanı müttəhim verilmiş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, antiterror əməliyyatlarından sonra bir müddət Ağdərə rayonunda traktorçu işləyib və həmin vaxt yol kənarında erməni dövlət nömrə nişanlı avtomobili görərək onu oğurlamaq qərarına gəlib. Onun sözlərinə görə, avtomobili naqilləri birləşdirərək işə salıb, dövlət nömrə nişanını çıxarıb atıb və Ağdam istiqamətindən İsmayıllıya aparıb.

İfadəsində qeyd edib ki, təxminən bir il sonra tanışı vasitəsilə avtomobili sənədsiz olduğunu bildirərək Ağdaş rayon sakininə 1500 manata satmaq barədə razılığa gəlib. Alıcı pulu sonradan verəcəyini desə də, bir müddət sonra özü hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

Təqsirləndirilən şəxs törətdiyi əməldən peşman olduğunu bildirərək məhkəmədən ona yüngül cəza verilməsini xahiş edib.

Zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi məhkəmədə bildirib ki, avtomobil dövlət mülkiyyətinə aid olub və hazırda Tərtər Rayon Polis Şöbəsində saxlanılır. Onun sözlərinə görə, avtomobilin maqnitofonu, starteri və akkumulyatoru yerində deyil.

Məhkəmə təqdim olunmuş sübutları araşdıraraq müttəhimi Cinayət Məcəlləsinin 177.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla oğurluq) maddəsi ilə təqsirli bilib və ona 2 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edib.

Seyid
--> -->