İdman 10:47 08.05.2022

Federasiya prezidenti: “Belə komanda nə Azərbaycan futboluna, nə də Tovuza lazımdır”

"Turan Tovuz”növbəti mövsümdən Premyer Liqada çıxış edəcək. Təbii ki, AFFA-nın çıxardığı qərarlardan sonra klub rəhbərliyinin də müəyyən planları var. Bu səbəbdənTovuz futbolunun məşhur siması, Qərb Regional Futbol Federasiyasının prezidenti Nadir Nəbiyevin fikirlərini öyrəndik. 

Nəbiyev Qaynarinfo-ya gələcək planları haqda danışdı. O, sponsor məsələsinə də toxundu:

"Təbrikə görə çox sağ olun. Qərar dünən çıxıb. Büdcəmiz müəyənləşəndən sonra hər şeyə aydınlıq gələcək. Büdcə bilindikdən sonra baş məşqçi təyin olunmalı və komandanı formalaşdırmalıdır. Görüləcək işlərimiz çoxdur. Yeni komanda sıfırdan qurulacaq. Baş məşqçi postuna bir neçə nəfərlə danışıq olub. Daha doğrusu, ümumi fikir bilmək istəmişik. Onlardan Tovuza gedib işləmək istəyib-istəmədiklərini soruşmuşuq. Büdcə müəyyənləşmədiyi üçün onlara konkret təkliflər etmək olmur. Sadəcə, fikir öyrənmək istəmişik”.

Veteran futbolçu müəyyən görüşlər keçirəcəklərini də bildirdi:

"Bilirsiniz ki, 500 minlə Premyer Liqada komanda formalaşdırmaq olmaz. Cavan uşaqlarla komanda düzəldib oynaya bilərsən. Amma indi əvvəlki vaxt deyil. Belə komanda nə Azərbaycan futboluna, nə də Tovuza lazımdır. Ümid edirik ki, dəstək olacaq. 500 min AFFA-nın Premyer Liqada oynaması üçün "Turan Tovuz”a köməyidir. Hazırkı vəziyyət budur. Üzümüzə gələn həftə görüşlərimiz var. Görək bundan sonra bizə hansı formada kömək olacaq. İndi konkret bildiyimiz bir şey yoxdur”.

Nəbiyev Premyer Liqada oynamaq üçün infrastrukturun tam hazır olub-olmaması ilə bağlı suala da cavab verib:

"Bütün meyarlara cavab veririk. Əsas maliyyə meyarıdır. Qalan nə lazımdırsa, akademiya, baza, paltardəyişmə, hakimlər və dopinq otağı belə var. Şəhərdə gördüyünüz arenalar necədirsə, "Turan Tovuz”un da bazası o cürdür. Hazırda 6-9 yaşdan 17 yaşa qədər qruplarımız var. Qalır U-19 liqasında çıxış etmək üçün komanda. O da gələn il 17 yaşlılardan ibarət komandanın futbolçularından formalaşacaq. Uşaq futbolu ilə bağlı heç bir sıxıntı yoxdur. Yalnız əvəzedici və əsas heyət qalır. Onu da yenidən formalaşdırmaq lazımdır. Hər şey maliyyənin başındadır”.

Səbuhi Həsənov