XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

İsveçrəyə səfir təyin olunan Vaqif Sadıqov kimdir? - DOSYE
Siyasət15:20 04.09.2026

İsveçrəyə səfir təyin olunan Vaqif Sadıqov kimdir? - DOSYE

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev İsveçrəyə səfir təyin edib. Dövlət başçısının sərəncamına əsasən, Vaqif İsmayıl oğlu Sadıqov Azərbaycanın İsveçrəyə fövqəladə və səlahiyyətli səfir təyin olunub.

Qaynarinfo xəbər verir ki, Vaqif Sadıqov 1956-cı il noyabrın 2-də Bakı şəhərində anadan olub. O, 1978-ci ildə Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunun ingilis dili fakültəsini bitirib. 1986-cı ildə filologiya elmləri namizədi elmi dərəcəsi alıb. 1991-ci ildə həmin institutun ingilis dili fakültəsində baş müəllim kimi fəaliyyət göstərib.

Vaqif Sadıqov 1992-ci ildən Xarici İşlər Nazirliyində çalışıb. O, Beynəlxalq Təşkilatlar idarəsinin birinci katibi, daha sonra hərbi-siyasi məsələlər üzrə şöbənin müdiri vəzifələrində işləyib.

1995–2004-cü illərdə Azərbaycanın Avstriyadakı fövqəladə və səlahiyyətli səfiri, həmçinin BMT-nin Vyana Bölməsi, BMT-nin Sənaye İnkişafı Təşkilatı və ATƏT yanında Azərbaycanın daimi nümayəndəsi olub.

1998–2004-cü illərdə Nüvə Sınaqlarının Hərtərəfli Qadağan Olunması Müqaviləsi üzrə Təşkilat, 2001–2004-cü illərdə isə Atom Enerjisi üzrə Beynəlxalq Agentlik yanında Azərbaycanın daimi nümayəndəsi vəzifəsini tutub.

2004–2010-cu illərdə Azərbaycanın xarici işlər nazirinin müavini vəzifəsində çalışıb. 2010–2016-cı illərdə Azərbaycanın İtaliyadakı fövqəladə və səlahiyyətli səfiri olub.

2016–2021-ci illərdə Azərbaycanın Cenevrədəki BMT Bölməsi və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi vəzifəsini icra edib.

Vaqif Sadıqov 26 iyul 2021-ci ildə Azərbaycanın Belçikadakı fövqəladə və səlahiyyətli səfiri təyin olunub. O, bu vəzifədə 10 avqust 2026-cı ilədək fəaliyyət göstərib.

Qeyd edək ki, diplomat ingilis, rus, fransız və alman dillərini bilir. Vaqif Sadıqov Bakı Avrasiya Universitetinin fəxri doktorudur.

Aydın