XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Keçmiş bələdiyyə sədri 9500 manat cərimələndi
Ölkə14:04 04.09.2026

Keçmiş bələdiyyə sədri 9500 manat cərimələndi

Göygöl rayonunun Çaykənd kənd bələdiyyəsinin keçmiş sədri Vaqif Sadıqov 9500 manat cərimə cəzasına məhkum edilib.

Qaynarinfo xəbər verir ki, bununla bağlı Göygöl Rayon Məhkəməsinin hakimi Leyla Hüseynzadə hökm çıxarıb.

İş materiallarına görə, Vaqif Sadıqov Göygöl rayonunun Çaykənd kənd bələdiyyəsinin sədri vəzifəsində işləyərkən qulluq mövqeyindən və həqiqi təsir imkanlarından istifadə edərək vəzifəli şəxslərin qərarına qanunsuz təsir göstərmək məqsədilə pul alıb.

Çaykənd kənd bələdiyyəsinin balansında olan 1,83 hektar torpaq sahəsinin icarəyə verilməsi məsələsi ilə bağlı 2025-ci ilin sentyabrında Vaqif Sadıqovla həmin torpaq sahəsini icarəyə götürmək istəyən şəxs arasında Bakı şəhərində görüşlər keçirilib.

İttihama əsasən, Vaqif Sadıqov həmin şəxsə torpaq sahəsinin hərrac yolu ilə icarəyə verilməsinə və sonradan çıxarış alınmasına kömək edə biləcəyini bildirib. O, bələdiyyə sədri kimi vəzifəsindən və təsir imkanlarından istifadə etməklə bu məsələnin həllinə nail ola biləcəyini deyib.

Bu məqsədlə Vaqif Sadıqov əvvəlcə 20 min manat pul istəyib. Daha sonra tərəflər 15 min manat məbləğində razılaşıblar. Razılaşmaya görə, ilkin olaraq 10 min 200 manat, çıxarış təqdim edildikdən sonra isə 4 min 800 manat verilməli olub.

İttihamda göstərilir ki, həmin razılaşmadan sonra Göygöl rayonunun Qızılqaya qəsəbəsində yerləşən “Kübar” restoranında 10 min 200 manat pul verilib. Bu məbləğin 5 min manatı Vaqif Sadıqova çatdırılıb.

Daha sonra Vaqif Sadıqov torpaq sahəsinin 15 illik icarəyə verilməsi məqsədilə hərraca çıxarılması üçün müvafiq addımlar atıb. O, əvvəlcədən tanıdığı şəxsin hərracda iştirakını da təşkil edib.

2026-cı ildə Gəncə şəhərində keçirilən hərracda torpaq sahəsini icarəyə götürmək istəyən şəxs qalib elan olunub. Bundan sonra Göygöl rayonunda yerləşən notariat ofisində həmin şəxslə Çaykənd kənd bələdiyyəsi arasında 15 illik icarə müqaviləsi bağlanıb.

Sonrakı mərhələdə torpaq sahəsinin 15 il müddətinə icarəyə verilməsi ilə bağlı çıxarış rəsmiləşdirilib.

Məhkəmə iclasında Vaqif Sadıqov ona qarşı irəli sürülmüş ittihamı tam qəbul edib. O, ifadəsində Nəzakət adlı qadına yaxşılıq etmək istədiyini bildirib.

Vaqif Sadıqovun sözlərinə görə, sözügedən torpaq sahəsi başqa şəxsin icarəsində olub. O, həmin şəxslərlə danışaraq torpaqdan imtina etmələrini istəyib.

Vaqif Sadıqov bildirib ki, qarşı tərəf narazılıq etdikdə 15 min manat vəd edərək torpaqdan imtina etmələrini istəyib. Daha sonra Nəzakətdən Natiq vasitəsilə 5 min manat alıb.

O, aldığı pulun 3 min manatını digər şəxslərə verdiyini, 1400-1500 manatını isə rüsumlara xərclədiyini deyib.

Vaqif Sadıqov hərraca birbaşa müdaxilə etmədiyini bildirib. Onun sözlərinə görə, sadəcə dostundan hərracda iştirak etməsini və torpağın başqa şəxs tərəfindən alınmasının qarşısını almasını xahiş edib.

Bələdiyyə sədri həmçinin bələdiyyə üzvlərinə qərarın Nəzakətin xeyrinə qəbul edilməsini söylədiyini etiraf edib.

İş üzrə dindirilmiş bələdiyyə əməkdaşının ifadəsinə əsasən, 1,83 hektar torpaq sahəsi 11 bələdiyyə üzvündən 7-nin razılığı ilə hərraca çıxarılıb və Nəzakət hərracın qalibi olub.

Digər şahid isə bildirib ki, Vaqif Sadıqovun xahişi ilə hərracda iştirak edib və bilərəkdən uduzub. Şahidin sözlərinə görə, Vaqif Sadıqov ondan Nəzakətin torpaq sahəsini icarəyə götürmək istədiyini deyərək hərracda iştirak etməsini xahiş edib.

O, Vaqif Sadıqovla uşaqlıqdan qonşu və yaxın dost olduğunu bildirib. Şahid hərracda Nəzakətin qalib gəlməsi üçün əlindən gələni etdiyini, lakin onun Vaqif Sadıqova pul verməsi barədə məlumatının olmadığını söyləyib.

İş üzrə digər şahid isə tərəflər arasında əvvəllər ədavət olduğunu bildirib. Onun sözlərinə görə, Nəzakət torpağın ona verilməsi şərtilə barışacağını deyib.

Həmin şahid torpaq sahəsinin verilməsi ilə bağlı təxminən 10-15 min manat məbləğində puldan söhbət getdiyini, 5 min manatı isə iş alınmadığı halda geri qaytarmaq üçün özündə saxladığını bildirib.

Məhkəmə iclasında Vaqif Sadıqov özünü təqsirli bildiyini və istintaq zamanı verdiyi ifadəni təsdiqlədiyini deyib. O, məhkəmədən ailə vəziyyətinin nəzərə alınmasını və yüngül cəza verilməsini xahiş edib.

Vaqif Sadıqov dörd azyaşlı övladının və yaşlı anasının olduğunu, həyat yoldaşının isə işləmədiyini bildirib.

Təqsirləndirilən şəxs məhkəməyə ərizə təqdim edərək özünü təqsirli bildiyini, əlavə şahidlərin dindirilməsinə ehtiyac olmadığını qeyd edib və məhkəmə istintaqının yekunlaşdırılmasını xahiş edib.

Məhkəmə Vaqif Sadıqovu Cinayət Məcəlləsinin 312-1.1-ci (şəxs tərəfindən öz həqiqi və ya güman edilən təsir imkanlarından istifadə edərək vəzifəli şəxsin qərarına qanunsuz təsir etmək məqsədilə özü və yaxud üçüncü şəxslər üçün, birbaşa və ya dolayı yolla, şəxsən və ya vasitəçidən istifadə etməklə maddi və sair nemətin, imtiyazın və ya güzəştin istənilməsi və ya alınması, yaxud bu barədə təklif və ya vədin qəbul edilməsi) maddəsi ilə təqsirli bilərək 7000 manat cərimə cəzasına məhkum edib.

Göygöl Rayon Məhkəməsinin daha əvvəl çıxardığı hökmə əsasən, Vaqif Sadıqov Cinayət Məcəlləsinin 178.2.3-cü (qulluq mövqeyindən istifadə etməklə dələduzluq) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə 6000 manat cərimə cəzasına məhkum edilib.

Məhkəmə əvvəlki hökmlə təyin edilmiş cərimə cəzasını hazırkı hökmlə təyin edilmiş cərimə ilə qismən toplayaraq 10 min manat cərimə cəzası müəyyən edib.

Bundan başqa, Vaqif Sadıqovun ibtidai istintaq zamanı 2 gün müddətində tutulması da nəzərə alınıb.

Nəticədə onun üzərində qəti olaraq 9500 manat cərimə cəzası saxlanılıb.

Seyid