Xəbər lenti

phrase_var_qaynar. 17:20 29.07.2026

"Ferrari"nin ilk avtomobili necə yaranıb? - "125 S"in bilinməyən hekayəsi

İtaliyanın məşhur avtomobil istehsalçısı "Ferrari"nin tarixində ilk model olan "125 S" II Dünya müharibəsinin dağıntıları fonunda ərsəyə gəlib. 

Qaynarinfo xəbər verir ki, cəmi iki nüsxədə istehsal edilən bu avtomobil sonradan dünyanın ən nüfuzlu idman avtomobili markalarından birinin təməlini qoyub.

Müharibədən sonra başlayan yeni tarix

"Ferrari"nin yaranma tarixi II Dünya müharibəsindən sonrakı dövrə təsadüf edir. Keçmiş işəgötürəni "Alfa Romeo" ilə bağladığı müqaviləyə əsasən, Enzo Ferrari 1942-ci ilə qədər öz soyadı altında avtomobil istehsal edə bilmirdi.

O, ilk müstəqil layihəsini 1940-cı ildə təqdim etdiyi "Auto Avio Costruzioni 815" modeli ilə reallaşdırmışdı.

Müharibə zamanı Modenadakı istehsal müəssisəsi bombardman nəticəsində ciddi zərər gördüyündən Enzo Ferrari istehsalı Maranello şəhərinə köçürdü. Zavod bərpa edildikdən sonra isə 1947-ci ildə onun adını daşıyan ilk avtomobil – "Ferrari 125 S" təqdim olundu.

Maranelloda istehsal edilən cəmi iki ədəd "125 S" modeli gələcək avtomobil imperiyasının başlanğıcı hesab olunur.

210 km/saat sürət və V12 mühərrik

İkiyerlik idman avtomobili mühəndis Coakino Kolombo tərəfindən hazırlanmış 1,5 litrlik V12 mühərriklə təchiz edilmişdi. Mühərrik daha sonra Cüzeppe Busso və Luici Batsi tərəfindən təkmilləşdirilmişdi.

6 800 dövr/dəqiqədə 118 at gücü hasil edən mühərrik, cəmi 650 kiloqram boş çəki və həmin dövr üçün nadir sayılan beşpilləli mexaniki sürətlər qutusu sayəsində avtomobilə saatda 210 kilometr maksimal sürət qazandırırdı.

İlk yarış və ilk qələbələr

"125 S" əsasən gündəlik istifadə üçün deyil, yarışlar üçün hazırlanmışdı.

Model ilk dəfə 1947-ci ildə Pyaçensa yarış trasında sınaqdan keçirildi. Debüt yarışı yanacaq nasosunda yaranan nasazlıq səbəbindən başa çatmasa da, Enzo Ferrari bunu "uğurlu uğursuzluq" adlandırmışdı.

Bundan sonra avtomobil iştirak etdiyi növbəti 13 yarışın 6-da qalib gələrək markanın motorsport tarixində ilk böyük uğurların əsasını qoydu.

Orijinal nüsxələr qorunmayıb

İstehsal olunan iki orijinal "125 S" avtomobili bu günə qədər qorunub saxlanılmayıb.

Bununla belə, "Ferrari" 1987-ci ildə modelin rəsmi və orijinal ölçülərə uyğun hazırlanmış dəqiq replikasını istehsal edib. Hazırda həmin avtomobil Maranellodakı "Museo Ferrari" muzeyində nümayiş etdirilir.

"125 S" modeli həm yarışlardakı uğurları, həm də dövrü üçün yüksək sayılan texniki göstəriciləri ilə sonrakı onilliklərdə "Ferrari" markasının dünya şöhrəti qazanmasının əsasını qoyan avtomobil kimi tarixə düşüb.

Aydın

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->