İdman 16:18 28.07.2022

Futboldan 2 illik uzaqlaşdırılan Hüseynov: “Cəzanın başa çatmasını gözləyirəm”

Bir neçə ay öncə Gənclər Liqasında baş tutan "Səbail” - "Qarabağ” oyunundan sonra "Səbail”in məşqçi heyətində yer alan Ramal Hüseynov ağır cəzaya məruz qaldı. O, oyun zamanı hakimləri təhqir etməsinə və meydana daxil olmasına görə 2 il müddətinə futbolla əlaqədar hər hansı fəalliyətlə məşğul olmaq hüququndan məhrum edildi. Hələ bu cəzaya məruz qalmazdan əvvəl stadiona giriş qadağısı qoyulmuş keçmiş futbolçu son qərardan sonra ümumiyyətlə futboldan uzaq salındı. Bəs hazırda o, nə işlə məşğuldur? Necə dolanır?

Qalmaqallı futbolçunun son durumunu öyrənmək üçün özü ilə əlaqə saxladıq. Hüseynov Qaynarinfo-ya açıqlamasında bunları söylədi:

"Heç nə, oturmuşam cəzanın başa çatmasını gözləyirəm. İnşallah, 2 il gözləmərəm. Bəzi fikirlərim var. AFFA-ya futbol adamı gəlib çıxsa, hansısa dəyişikliklər olsa, yenidən müraciət edəcəm. Hələ ki, boşluqdur, verilən qərara əməl etməyə məcburam. Hansı ki, həmin qərarı verən insanlar futbol adamı deyil”.

Keçmiş yarımmüdafiəçi futboldan başqa bacardığı iş olmadığını bildirdi:

"Nə işlə məşğul olacam ki? Ömrüm futbolda gedib. Hansısa işi bilməlisən ki, onunla məşğul olmalısan. Ondansa özümə ziyan edim, oturum bir yerdə. Düzgün qərar olmadı. Bu qərarı futbolda oyun satanlar üçün çıxarırlar. Qərardan sonra heç kimə müraciət etmədim. Çünki insanı futboldan soyudurlar. Heç kimdən üzr istəyən deyiləm. Düzdür, üzr istəmək ayıb deyil, amma baxır vəziyyətə. Elə bir şey etməmişəm ki, "Məni futbola qaytarın” deyib üzr istəyəm. Belə şey ola bilməz. Təki, Allah bizə cəza verməsin, bu, gəldi-gedərdi”.

Səbuhi Həsənov