Xəbər lenti

Astronomlar Yerinkinə bənzər suyu və havası olan planet aşkar etdi
Dünya21:27 18.10.2026

Astronomlar Yerinkinə bənzər suyu və havası olan planet aşkar etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Alimlər Günəş sistemindən kənarda çoxlu suyun olduğu və hava şəraiti Yer kürəsindəkilərə müəyyən qədər bənzəyən bir kosmik obyekt aşkar ediblər.

Qaynarinfo xəbər verir ki, yeni tədqiqatın nəticələri barədə BGR nəşri məlumat yayıb.

Məlumata görə, "James Webb" kosmik teleskopu WISE 0855 qəhvəyi cırtdanında su buludları aşkar edib. Bu obyekt Yerdən 7,5 işıq ili məsafəsində yerləşir.

WISE 0855 alimlərə artıq 10 ildən çoxdur ki, məlumdur. Onun görüntüləri ilk dəfə 2010-cu ildə "WISE" infraqırmızı teleskopu vasitəsilə əldə edilib, kəşfi barədə isə rəsmi olaraq 2014-cü ildə məlumat verilib. Lakin əvvəlki müşahidələr obyektin atmosferini tam şəkildə araşdırmağa imkan vermirdi, görüntülər isə arxa plandakı işıq mənbələri tərəfindən təhrif olunurdu.

Yeni məlumatları Arizona Universitetinin Stüard rəsədxanasının komandası əldə edib. BGR-nin yazdığına görə, tədqiqatçılar "James Webb" teleskopunun köməyi ilə qəhvəyi cırtdanı 11 saat ərzində müşahidə edib və hər 15 dəqiqədən bir onun işıq spektrini qeydə alıblar. Tədqiqatın nəticələri The Astronomical Journal jurnalında dərc olunub.

Müşahidələr göstərib ki, WISE 0855-də buludlar sadəcə mövcud deyil, həm də obyektin fırlanması ilə daim dəyişir. Bu xüsusiyyət müəyyən mənada Yer kürəsindəki hava proseslərini xatırladır.

Bununla belə, tədqiqatçılar Yer ilə həddindən artıq müqayisələr aparmaqdan çəkinməyi tövsiyə edirlər. WISE 0855 ölçüsünə görə Yupiteri xatırladır və onun atmosferində daha dərin qatlarından yuxarı qalxan qazlar mövcuddur. Buna görə də atmosferdəki dəyişikliklərin mexanizmləri planetimizdəki adi hava proseslərindən fərqlənir. Bundan əlavə, qəhvəyi cırtdanlar tamhüquqlu planet hesab edilmir və bu obyektin həyat üçün yararsız olduğu ehtimal olunur.

Əsas nailiyyət ondan ibarətdir ki, teleskop alimlərə yalnız su buludlarını aşkar etməyə deyil, həm də onların qalınlığındakı dəyişiklikləri izləməyə və atmosferin tərkibini araşdırmağa imkan verib. Nəşrin qeyd etdiyi kimi, əvvəlki müşahidə üsulları müxtəlif amillərin təsirini dəqiq ayırmağa imkan vermirdi. "James Webb"in yeni imkanları astronomlara uzaq kosmik obyektlərin xüsusiyyətlərini daha dəqiq müəyyənləşdirməyə kömək edir.

Aydın