
İran Pro Liqasının IX turu çərçivəsində keçirilməsi nəzərdə tutulan “Malavan” – “Traktor” qarşılaşması meydan sahiblərinin azarkeşləri tərəfindən Azərbaycan türklərinə qarşı irqçi şüarların səsləndirilməsi səbəbindən baş tutmayıb. Hadisəyə sərt reaksiya verən Təbriz təmsilçisinin sahibi Məhəmməd Rza Zunuzi komandanın əleyhinə texniki məğlubiyyət qərarı veriləcəyi təqdirdə liqanı tərk edəcəklərini açıqlayıb.
Qaynarinfo xəbər verir ki, Ənzəli şəhərindəki “Sirus Qayəqran” stadionunda baş verən hadisələr “Traktor” rəhbərliyinin kəskin etirazına səbəb olub. Klubun mövqeyinə görə, tribunlardan futbolçulara, komandaya və onların etnik türk kimliyinə qarşı təhqiramiz ifadələr səsləndirilib.
Bu vəziyyətə etiraz olaraq “Traktor” meydana çıxmaqdan və qarşılaşmada iştirak etməkdən imtina edib.
Klubun sahibi Məhəmməd Rza Zunuzi baş verənlərdən sonra yaydığı açıqlamada hadisələrin qəbuledilməz olduğunu vurğulayıb. O, azarkeşlər tərəfindən səsləndirilən təhqirləri əks etdirən çoxsaylı videoların əlində olduğunu bildirərək, məsələnin obyektiv araşdırılmasını tələb edib.
Zunuzi İran Futbol Federasiyasını təzyiqlərə boyun əyməməyə və hadisəyə ədalətli qiymət verməyə çağırıb. O bildirib ki, “Traktor”un əleyhinə 0:3 hesablı texniki məğlubiyyət qərarı çıxarılarsa, klub İran Pro Liqasındakı iştirakını dayandıracaq və hüquqlarını beynəlxalq instansiyalarda müdafiə edəcək.
“Əgər bu qədər təhqirdən sonra nəticə bizim əleyhimizə elan ediləcəksə, "Traktor" Pro Liqadan çəkiləcək və Futbol Federasiyasına qarşı İdman Arbitraj Məhkəməsində (CAS) və FİFA-da iddia qaldıracağıq”, deyə klub rəhbəri bildirib.
O, İran Futbol Federasiyasının prezidenti Mehdi Tacın daha əvvəl irqçi şüarlar səsləndirən komandaların 0:3 hesabı ilə məğlub elan edilə biləcəyi barədə mövqeyini də xatırladıb. Zunuzi federasiyanı həmin bəyanatlara uyğun hərəkət etməyə çağırıb.
Klub sahibi sonda insan ləyaqətinin və etnik kimliyə hörmətin istənilən idman nəticəsindən üstün olduğunu vurğulayıb.
“Üç xal xalqımızın və etnik kimliyimizin yanında heç nədir! Mən buna dözməyəcəyəm. Lənət olsun belə futbola!” deyə o, fikrini sərt ifadələrlə yekunlaşdırıb.
Qeyd edək ki, qarşılaşma ilə bağlı İran Futbol Federasiyasının və intizam orqanlarının yekun qərarı hələ açıqlanmayıb. “Traktor”un liqadakı gələcək iştirakı da bu qərardan asılı olacaq.
Aydın

