Xəbər lenti

Hər 4 nəfərdən biri dələduzluğun qurbanı olub - Milyardlarla dollar itirilib
Dünya 15:28 30.06.2026

Hər 4 nəfərdən biri dələduzluğun qurbanı olub - Milyardlarla dollar itirilib

ABŞ-da aparılan yeni araşdırma süni intellekt və "deepfake” texnologiyalarının dələduzluq fəaliyyətlərində getdikcə daha geniş istifadə olunduğunu üzə çıxarıb.

Qaynarinfo xəbər verir ki, "Gallup" və "Stop Scams Alliance" təşkilatının birgə hazırladığı araşdırmaya əsasən, ötən il qeydə alınan uğurlu dələduzluq hadisələrinin mühüm hissəsində süni intellekt texnologiyalarından istifadə edilib.

Təxminən 15 milyon nəfər dələduzluğun qurbanı olub

Yanvar və fevral aylarında 5 min 173 yetkin şəxsin iştirakı ilə keçirilən sorğunun nəticələrinə görə, ABŞ-də ötən il uğurla həyata keçirilən dələduzluq hallarının 12 faizində süni intellektdən istifadə olunub.

Araşdırmanın nəticələri göstərib ki, bu, ölkənin yetkin əhalisinin təxminən 6 faizinə, yəni 15 milyon nəfərə bərabərdir.

Həqiqi rəqəmlərin daha yüksək ola biləcəyi ehtimal edilir

Araşdırmada istifadə olunan metodun zərərçəkənlərin öz bəyanlarına əsaslandığı vurğulanıb. Buna görə də süni intellektdən istifadə edilən bütün dələduzluq hallarının müəyyən edilməmiş ola biləcəyi qeyd olunub.

Bu səbəbdən süni intellekt dəstəyi ilə törədilən dələduzluqların faktiki sayının açıqlanan göstəricilərdən daha yüksək ola biləcəyi bildirilir.

Maddi zərər 68 milyard dollara çatıb

"Stop Scams Alliance” təşkilatının təsisçisi və baş icraçı direktoru Ken Vestbruk bildirib ki, dələduzluq fəaliyyətləri mütəşəkkil cinayətkar qruplar tərəfindən həyata keçirilir və texnologiyadan çox sayda insanı hədəfə almaq üçün istifadə olunur.

Vestbrukun təqdim etdiyi məlumata görə, ABŞ-də ötən il dələduzluq nəticəsində yaranan ümumi maddi zərər 68 milyard dollara çatıb.

Rəsmi müraciətlər real mənzərəni əks etdirmir

Araşdırmada zərərçəkənlərin bildirdiyi itkilərlə ABŞ Federal Ticarət Komissiyasına (FTC) təqdim edilən rəsmi şikayətlər arasında ciddi fərq olduğu vurğulanıb.

İştirakçıların bəyan etdiyi ümumi maddi zərərin FTC-yə edilən müraciətlərdə göstərilən məbləğdən təxminən dörd dəfə çox olduğu bildirilib.

Dələduzluq yalnız maddi deyil, psixoloji təsirlər də yaradır

CNBCE.com-un məlumatına görə, araşdırma iştirakçılarının 75 faizi dələduzluq təcrübəsinin psixi sağlamlıqlarına və ümumi həyat keyfiyyətlərinə mənfi təsir göstərdiyini deyib.

Hesabatda qeyd olunub ki, dələduzluğun emosional nəticələri bir çox zərərçəkən üçün maddi itkilərdən daha ağır hiss oluna bilər.

Ən geniş yayılmış üsul saxta internet saytlarıdır

Araşdırmaya əsasən, hər dörd amerikalıdan biri həyatının müəyyən dövründə dələduzluğun qurbanı olduğunu bildirib.

Zərərçəkənlərin 21 faizi ciddi, 46 faizi isə orta səviyyədə maddi çətinlik yaşadığını qeyd edib.

Dələduzluqda ən çox istifadə olunan üsul 40 faiz göstərici ilə saxta internet saytları olub. Telefon zəngləri, qısa mesajlar və elektron poçt məktubları da ən geniş yayılmış dələduzluq kanalları sırasında yer alıb.

Araşdırmada həmçinin bildirilib ki, dələduzluq halları aşağı gəlirli şəxslər, azlıq icmaları və ali təhsil almamış yetkinlər arasında daha geniş yayılıb.

Aydın
--> -->