Dostum Azərin xəstəliyinə belə həsəd aparanlara
Əliməmməd Nuriyev
Azərin yazısını oxudum. Doğrusu, oxuduqca adamın ağlına çox şey gəlir, amma bəzi şeyləri ifadə etməyə söz tapmaq çətindir.
Azəri 30 ildən artıqdır tanıyıram. Dostuq. Bu illər ərzində onunla çox məsələlərdə eyni düşünmüşük, razılaşmadığımız məqamlar da az olmayıb. Amma onun yaxşı jurnalist, yaxşı qələm sahibi olduğuna həmişə inanmışam. Peşəsini sevir, sözə məsuliyyətlə yanaşır, öz mövqeyi var. Mənim tanıdığım Azər budur.
Son aylarda isə onun nə qədər böyük iradə sahibi olduğunu daha yaxından gördüm.
Ağır xəstəliklə üz-üzə qalan insanın nələr yaşadığını kənardan tam bilmək mümkün deyil. Azərin yazdıqlarını oxuyanda bunun yalnız bir hissəsini anlayırıq: əməliyyat, kimyaterapiya, şüa, ağrılar, gözləmələr… Bir də bütün bunların arxasında insanı bəlkə də ən çox incidən sual: axırı necə olacaq?

Belə vəziyyətdə olan insana əl uzadılıb. Cənab Prezident onun səhhəti ilə maraqlanıb, müalicəsini diqqətdə saxlayıb. Heydər Əliyev Fondu kömək edib. Buna yalnız sevinmək olar. Mən də bir dostu kimi buna görə minnətdaram.
Amma Azərin yazısından öyrənirəm ki, buna da başqa cür baxanlar, “niyə o?”, “bəs başqaları?” deyənlər olub. Doğrudan da, başa düşə bilmirəm. Axı söhbət vəzifədən, mükafatdan, hansısa maddi imtiyazdan getmir. İnsan ağır xəstədir və ona yaşamaq üçün kömək edilir.
İnsan buna necə həsəd apara bilər, bunu anlaya bilmirəm.
Bəlkə, “bəs başqaları?” sualını verənlərin bir qismi bunu doğrudan da başqa xəstələrin qayğısını çəkərək deyir. Onda həmin insanların da yanında olaq, onlar üçün də kömək istəyək. Buna kim etiraz edə bilər? Amma bir xəstəyə kömək göstərilməsini başqa xəstənin adı ilə qınamaq tamam başqa şeydir.
Belə də olmaz axı.
İnsanın ürəyi nə qədər sərtləşməlidir ki, ağır xəstəliklə mübarizə aparan birinin aldığı kömək belə onu narahat etsin? Başqasının ağrısı qarşısında susmaq bir yana, onun sağalmaq imkanına da kölgə salmaq niyə?
Xəstəlik qarşısında heç olmasa mərhəmətimizi itirməyək.
Mən bütün xəstələrimizə şəfa arzulayıram. Tanıdığım, tanımadığım hər kəsə. Allah heç kimi çarəsiz dərdlə üz-üzə qoymasın. Köməyə ehtiyacı olanın qarşısına kömək edə biləcək insan çıxarsın.
Azər isə indi öz savaşını aparır.
Dostum, mən sənin bu illər ərzində çox yazını oxumuşam. Sərt yazını da, kövrək yazını da. Amma bəlkə də ən çətin yazını indi qələmlə yox, öz həyatınla yazırsan.
Onu sona qədər yaz, dostum. Biz sənin yanındayıq.
Azər, sən sadəcə sağal…
Qalan söhbətlərə sonra da vaxt tapılar.
Şərhlər