Viktoriya Bekhemin moda və gözəllik şirkəti 2008-ci ildə fəaliyyətə başladıqdan sonra ilk dəfə əməliyyat mənfəəti əldə edib. Keçmiş "Spice Girls" üzvünün yaradıcı direktor kimi rəhbərlik etdiyi "Victoria Beckham Holdings Ltd" şirkətinin maliyyə hesabatlarına əsasən, 2025-ci ildə əməliyyat mənfəəti 7,3 milyon funt sterlinq təşkil edib. Şirkət bundan əvvəl uzun illər zərər edib.
Qaynarinfo xəbər verir ki, Voktoriya Bekhem" "Financial Times"a açıqlamasında deyib: "Mənfəət və artım əldə etdiyimiz bu məqam üçün hamımız uzun müddət çox çalışmışıq. Biz biznesdə qarşılaşdığımız problemlər barədə həmişə açıq danışmışıq. Lakin vəziyyəti düzəltmişik və indi məntiqli templə böyüyürük. 20 ildən sonra insanlar artıq brendimi məşhur şəxsə məxsus brend kimi görmürlər."

Dəriyə qulluq məhsullarının uğuru
Ötən il "Netflix" platformasında yayımlanan sənədli filmdə Bekhemin moda brendi yaratmaq və şirkəti mənfəətli vəziyyətə gətirmək cəhdlərindən bəhs olunub. Hesabatda bildirilir ki, serialın özü də satışların artmasına kömək edib. Xüsusilə cins geyimlər və trikotaj məhsullarına tələbatda ciddi artım qeydə alınıb.
Şirkətin moda istiqaməti 2025-ci ildə ümumilikdə "iki rəqəmli yüksək artım" nümayiş etdirib. 2019-cu ildə fəaliyyətə başlayan gözəllik bölməsi isə indiyədək ən uğurlu nəticələrindən birini göstərib.
Bu artım əsasən "Foundation Drops" tonal vasitəsinin populyarlığı ilə əlaqələndirilir. Məhsulun satışa çıxarılması 25 min nəfərlik gözləmə siyahısının yaranmasına səbəb olub və nəticədə şirkətin dəriyə qulluq biznesinin həcmi iki dəfə artıb.
"Əhəmiyyətli mərhələ"
"Netflix"də yayımlanan sənədli filmdə keçmiş pop ulduzunun dizayner və sahibkar kimi ciddi qəbul olunmaq üçün ona şübhə ilə yanaşanların fikirlərini dəyişdirmək cəhdlərindən də bəhs edilib.
Bununla belə, şirkət bir müddət sonra ciddi maliyyə problemləri ilə üzləşib və on milyonlarla funt sterlinq həcmində zərərə düşüb.
Şirkəti maliyyə böhranından Viktoriya Bekhemin həyat yoldaşı, ser Devid Bekhem xilas edib. O, sənədli filmdə deyib: "Onun yanıma gəlib 'Mənə bir az... Bizə daha çox pul lazımdır, biznesə daha çox pul lazımdır' deməsi ikimiz üçün də çətin idi. Çünki mənim də bunu davam etdirmək üçün kifayət qədər pulum yox idi."

Viktoriya Bekhem isə bildirib: "Əgər o mənə inanmasaydı, bu gün artıq biznesim olmazdı."
2017-ci ildə Bekhem şirkətin 30 faizini "NEO Investment Partners"ə sataraq 30 milyon funt sterlinq investisiya cəlb edib. Bundan sonra şirkətdə restrukturizasiya prosesi həyata keçirilib.
Bu proses çərçivəsində Bekhemin "ağlasığmaz" adlandırdığı israfçılığın qarşısının alınması da nəzərdə tutulub. Buna dünyanın bir tərəfindən digərinə stulların daşınması və NEO-nun nümayəndəsi Devid Belhassenin sözlərinə görə, ofis bitkilərinə ildə 70 min funt sterlinq xərclənməsi kimi hallar daxil idi.
"Victoria Beckham Holdings"in sədri Devid Belhassen bazar ertəsi açıqlamasında deyib: "Moda və gözəllik sahəsində bir-birini tamamlayan iki inkişaf istiqaməti, getdikcə beynəlmiləlləşən müştəri bazası və səmərəli əməliyyat modeli sayəsində şirkət növbəti mənfəətli artım mərhələsinə keçmək üçün əlverişli mövqedədir."
Şirkətin baş icraçı direktoru Sibill Darrikaryer Lunel isə bildirib: "İlk əməliyyat mənfəətimizin əldə edilməsi Viktoriya Bekhem üçün mühüm mərhələdir və bir neçə il ərzində həyata keçirilən intizamlı fəaliyyətin və strateji investisiyaların nəticəsidir.
Daha çətin lüks bazarı və ümumi makroiqtisadi şərait fonunda bu nəticənin əldə edilməsi şirkət üçün onu daha da əhəmiyyətli mərhələyə çevirir."
Aydın
Şərhlər