Sakit okeanda eyni vaxtda iki böyük istiləşmə prosesinin baş verməsi bu payız və qış ABŞ-da hava şəraitinə, eləcə də dəniz ekosistemlərinə ciddi təsir göstərə bilər.
Qaynarinfo xəbər verir ki, BBC-nin məlumatına görə, Sakit okeanın şimal-şərqində 2025-ci ilin mayından davam edən nəhəng dəniz istilik dalğası hazırda suyun səthində temperaturun normadan 3-4 dərəcə yüksək olmasına səbəb olub. Bununla yanaşı, cənubda güclü El-Nino hadisəsi formalaşır və onun payız aylarında daha da güclənəcəyi gözlənilir.
Alimlər bu iki prosesin eyni vaxtda müşahidə edilməsinin nadir hadisə olduğunu bildirirlər.
Kaliforniyada daşqın riski artır
İstiləşmənin ən ciddi təsirlərindən biri Kaliforniyada gözlənilir. Ştat artıq bir neçə aydır dəniz istilik dalğasının təsiri altındadır. Sahilyanı ərazilərdə suyun səviyyəsi orta göstəricidən təxminən 15 santimetr yüksəkdir.
El-Nino ilə birlikdə bu göstəricinin qış aylarında daha da artacağı proqnozlaşdırılır. İsti okean səthi atmosferə daha çox istilik və nəm ötürdüyündən güclü yağışların və atmosfer çaylarının yaranması ehtimalı artır. Bu isə sahilyanı və daxili ərazilərdə daşqın, eləcə də torpaq sürüşməsi riskini yüksəldə bilər.
ABŞ-ın şimal-qərbində qar azalacaq
Sakit okeanın şimal-qərbində və Kanadada isə fərqli mənzərə gözlənilir. El-Nino və dəniz istilik dalğasının birgə təsiri qar yağışlarının azalmasına səbəb ola bilər.
Daha isti hava səbəbindən əvvəllər qar şəklində düşən yağıntıların bir hissəsinin yağış şəklində düşməsi mümkündür. Bu xüsusilə hazırda quraqlıq yaşayan bölgələr üçün narahatlıq doğurur.
Qar örtüyünün azalması su ehtiyatlarının bərpasını çətinləşdirə və bəzi ərazilərdə quraqlığın bir neçə il davam etməsinə səbəb ola bilər.
Meşə yanğınları təhlükəsi yüksəlir
Şimal-qərbdə daha quru və isti hava şəraitinin meşə yanğınları riskini də artıracağı gözlənilir. Şimali Kaliforniya, Oreqonun şərqi, Aydaho və Yuta kimi ərazilər daha yüksək risk altında ola bilər.
Yanğınların artması milyonlarla insan üçün hava keyfiyyətinin pisləşməsinə və ciddi iqtisadi itkilərə səbəb ola bilər.
Atlantikdə qasırğalar azalacaq, Sakit okeanda güclənəcək
El-Nino Atlantik okeanında qasırğaların formalaşmasını, adətən, zəiflədir. Bunun əksinə olaraq, Sakit okeanın şərqində tropik fırtınaların daha güclü olması mümkündür.
Daha isti okean suları bu fırtınalara əlavə enerji verə bilər. Bu səbəbdən xüsusilə Meksika üçün tropik fırtına riski arta bilər.
Güclü fırtınalar isə digər tərəfdən dənizdəki istilik dalğalarının zəifləməsinə kömək edə bilər.
Dəniz canlıları təhlükə altındadır
Sakit okeandakı istiləşmənin dəniz ekosisteminə təsiri artıq hiss olunur. İsti su şəraitində qida maddələrinin okeanın səthinə qalxması azalır, suda oksigen səviyyəsi aşağı düşür.
Bu vəziyyət bəzi balıq və dəniz məhsulları növlərinin tələf olmasına və ya daha soyuq ərazilərə köçməsinə səbəb ola bilər. Nəticədə balıqçılıq sənayesi də zərər görə bilər.
Alimlər bildirirlər ki, isti suya üstünlük verən bəzi növlər bundan faydalansa da, ümumi ekosistem üçün mənzərə mənfidir. Xüsusilə soyuq sulara uyğunlaşmış növlər, o cümlədən bəzi balıqlar və dəniz məməliləri risk altındadır.
İqlim dəyişikliyi əsas amillərdən biridir
Mütəxəssislərin fikrincə, son illərdə böyük dəniz istilik dalğalarının daha tez-tez baş verməsi iqlim dəyişikliyi ilə birbaşa əlaqəlidir. Okeanlar son onilliklərdə qlobal istiləşmənin yaratdığı artıq istiliyin böyük hissəsini udub.
2026-cı ilin sonlarına doğru El-Nino ilə əlaqəli dəniz səthi temperaturu anomalilərinin 3 dərəcəni keçə biləcəyi proqnozlaşdırılır. El-Nino hadisələri adətən 9-12 ay davam edir və hazırkı hadisənin yaz aylarında zəifləməsi gözlənilir.
Alimlər Sakit okeandakı nəhəng istilik dalğasının nə qədər davam edəcəyini dəqiq bilmirlər. Lakin onun uzun müddət davam etməsi həm ABŞ-da hava şəraitinə, həm də okean ekosisteminə təsirlərin daha da güclənməsi deməkdir.
Mütəxəssislər həmçinin qeyd edirlər ki, qlobal istiləşmə fonunda belə hadisələrin gələcəkdə daha tez-tez baş verməsi ehtimalı artır.
Aydın
Şərhlər