Xalq artisti Röyanın eks-qayınatası, məşhur “Çudo peçka” şirniyyat mağazaları şəbəkəsinin sahibi Çingiz Cəlilov 9 il sonra azadlığa çıxıb.
Qaynarinfo xəbər verir ki, bu barədə jurnalist Ülviyyə Alovlu məlumat yayıb.
Çingiz Cəlilov “Bank Standard”ın ovaxtkı İdarə Heyətinin sədri Səlim Krimanla əlbir olaraq bankdan ümumilikdə 21 874 milyon manat krediti qanunsuz çıxarmaqda təqsirli bilinirdi.
Cəlilov özü təqsirli olmadığını və kreditin çox hissəsinin ona çatmadığını deyirdi.
Yeri gəlmişkən Çingiz Cəlilov məşhur “Yol əhvalatı” filminin ssenari müəllifi Asim Cəlilovun oğludur.
Qeyd edək ki, Ç.Cəlilov 2017-ci ilin iyul ayında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılan araşdırılma nəticəsində həbs olunmuşdu.
İttihama görə, “Çudo Peçka” və “ÇP Aqro” MMC-lərinin təsisçisi Cəlilov Çingiz Asim oğlu “Bank Standard” QSC Kommersiya Bankının İdarə Heyətinin sədri olmuş Kriman Səlim Eldaroviçlə qabaqcadan razılaşmaqla əlbir olaraq 21 milyon 874 min manat məbləğində krediti bankın Müşahidə Şurasının razılığı olmadan dəyəri süni olaraq artıq qiymətləndirilmiş əmlakları girov qoymaqla özünün, yaxın qohumlarının və qohumluq münasibətində olduğu, eləcə də rəhbərlik etdiyi cəmiyyətlərdə işləyən ayrı-ayrı şəxslərin adlarına guya bağ evinin alınması, mənzil təmiri, torpaq alınması və bu kimi digər təyinatlarla rəsmiləşdiriblər.
Daha sonra qeyd olunan kredit müqavilələri əsasında banka guya külli miqdarda kredit borcu olduğu görüntüsünü yaradaraq bir neçə dəfə restrukturizasiya etdirməklə mənimsədiyi 13 milyon 962 min manat pul vəsaitini Səlim Krimanla öz aralarında bölüblər.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ç.Cəlilov 12 il müddətinə azadlıqdan məhrum edilmişdi. Görünür vaxtilə ya apellyasiya və Ali Məhkəmələr onun cəzasını azalıb, ya da Ç.Cəlilov vaxtından əvvəl azadlığa buraxılıb.
Onu da qeyd edək ki, Azərbaycanın Xalq artisti Röya Ayxan Ç.Cəlilovun oğlu Anar Cəlilovla ailəli olub. Onlar 2014-cü ildə boşanıb.

Şərhlər