Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi Füzuli şəhərində özünüməşğulluq proqramı çərçivəsində yaradılmış kiçik ailə təsərrüfatlarına infotur təşkil edib.
İnfoturda iştirak edən Qadın və Uşaqların Təhsilinə Dəstək İctimai Birliyinin sədri Sevinc Fədai özünəməşğulluq proqramı ilə bağlı fikirlərini bölüşüb.
Onun sözlərinə görə, Füzuli şəhərində özünüməşğulluq proqramı çərçivəsində yaradılmış təsərrüfatlarla tanışlıq dövlət dəstəyinin konkret nəticələrini yerində görmək imkanı yaradıb: "Xüsusilə qadınların və ailələrin doğma torpaqlarına qayıtdıqdan sonra öz zəhmətləri və dövlətin təqdim etdiyi imkanlar hesabına kiçik bizneslər quraraq dayanıqlı gəlir mənbəyi formalaşdırmaları sevindirici haldır.
Özünüməşğulluq proqramı yalnız vətəndaşların iqtisadi rifahının yüksəldilməsinə xidmət etmir, eyni zamanda onların cəmiyyətə fəal inteqrasiyasına, özünəinamının artmasına və sosial dayanıqlılığın güclənməsinə mühüm töhfə verir. Bu proqram xüsusilə işğaldan azad edilmiş ərazilərə qayıdan sakinlərin öz doğma yurdlarında məskunlaşaraq həyatlarını yenidən qurmasına, məşğulluq imkanlarının genişlənməsinə və həmin ərazilərin sosial-iqtisadi inkişafına mühüm dəstək göstərir".
Sevinc Fədai qeyd edib ki, infotur zamanı ailələrin dövlət tərəfindən təqdim edilən aktivlərdən səmərəli istifadə etməyə çalışdıqlarını, bizneslərini inkişaf etdirmək üçün böyük həvəslə fəaliyyət göstərdiklərini müşahidə ediblər: "Bu, insanların yalnız sosial yardım alan tərəf deyil, eyni zamanda istehsal edən, xidmət göstərən və ölkənin iqtisadi inkişafına töhfə verən fəal vətəndaşlara çevrildiyini göstərir.
QHT nümayəndələrinin prosesə cəlb olunması, proqram iştirakçıları ilə birbaşa ünsiyyət qurması, onların fikir və təkliflərini dinləməsi şəffaflığın və ictimai iştirakçılığın təmin edilməsi baxımından da mühüm əhəmiyyət daşıyır. Hesab edirəm ki, özünüməşğulluq proqramının əhatə dairəsinin daha da genişləndirilməsi, xüsusilə qadınların, gənclərin və həssas qruplara aid şəxslərin bu imkanlardan faydalanmasının təşviqi ölkəmizdə inklüziv inkişafın və sosial rifahın güclənməsinə xidmət edəcək".
Şərhlər