Xəbər lenti

İspan məhkəməsi baş nazirin həyat yoldaşının Ankara səfərinə icazə vermədi
Dünya 15:01 07.07.2026

İspan məhkəməsi baş nazirin həyat yoldaşının Ankara səfərinə icazə vermədi

İspaniyada bir neçə cinayət işi üzrə istintaqa cəlb olunan və pasportu müvəqqəti müsadirə edilən Baş nazir Pedro Sançesin həyat yoldaşı Beqonya Qomesin NATO sammitində iştirak etmək üçün Ankaraya səfər etməsinə məhkəmə tərəfindən icazə verilməyib. Hökumət qərarı narazılıqla qarşılayıb.

Qaynarinfo-nun İspaniyanın EFE agentliyinə istinadən məlumatına görə, hökumət Beqonya Qomesin Ankaraya getməsinə icazə verilməməsini "təəccüblə qarşılayıb".

Baş nazir administrasiyasındakı mənbələr bildiriblər ki, hakim Qomesin NATO sammitində iştirakına icazə vermədiyi halda, qızının məzuniyyət mərasimində iştirak etmək üçün Londona səfərinə razılıq verməsi "anlaşılmaz qərar" kimi qiymətləndirilib.

Hökumət nümayəndələrinin fikrincə, bu qərar işə baxan hakimlərin məsələyə qərəzli və qeyri-proporsional yanaşmasının növbəti nümunəsidir.

Məhkəmə Beqonya Qomesin iyulun 7-10-u tarixlərində həyat yoldaşını Ankarada keçiriləcək NATO sammitində müşayiət etmək və daha sonra qızının Londondakı məzuniyyət mərasimində iştirak etmək məqsədilə ölkədən çıxışına icazə verilməsi ilə bağlı müraciətinə baxıb.

İş üzrə əsas hakim Xuan Karlos Peinadonun məzuniyyətdə olması səbəbindən müraciəti hakim Antonio Viexo qiymətləndirib.

Hakim qərarında bildirib ki, Türkiyə Avropa İttifaqının üzvü deyil və İspaniya ilə hüquqi-məhkəmə əməkdaşlığı Aİ ölkələri səviyyəsində həyata keçirilmir. Bundan əlavə, Qomesin NATO sammitində yalnız protokol çərçivəsində iştirak etməsinin nəzərdə tutulduğu, tədbirdə hər hansı rəsmi və ya fəal rolunun olmadığı vurğulanıb. Bu əsaslarla onun Ankaraya səfərinə icazə verilməyib.

Bununla yanaşı, məhkəmə Beqonya Qomesin qızının Londonda keçiriləcək məzuniyyət mərasimində iştirak etməsinə razılıq verib.

Hakim bu qərarı Böyük Britaniya ilə İspaniya arasında hüquqi əməkdaşlığın yüksək səviyyədə olması və səfərin ailə xarakteri daşıması ilə əsaslandırıb. Bunun üçün Qomesə tətbiq edilən ölkədən çıxış qadağası müvəqqəti olaraq aradan qaldırılıb.

Qeyd edək ki, Beqonya Qomes NATO sammitində iştirak edən dövlət və hökumət başçılarının həyat yoldaşları kimi tədbirə rəsmi dəvət almışdı.

Beqonya Qomes İspaniya tarixində pasportu məhkəmə qərarı ilə müvəqqəti müsadirə olunan ilk baş nazirin həyat yoldaşıdır.

O, nüfuzundan sui-istifadə, biznes sahəsində korrupsiya, dövlət əmlakının mənimsənilməsi və vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamları ilə istintaqa cəlb olunub.

İstintaqa rəhbərlik edən hakim Xuan Karlos Peinado onun ölkədən qaçmaq ehtimalını əsas gətirərək iyunun 24-də pasportunun məhkəməyə təhvil verilməsi barədə qərar çıxarmışdı.

Beqonya Qomes sonuncu dəfə təxminən iki ay əvvəl Baş nazir Pedro Sançeslə birlikdə Çinə rəsmi səfər etmişdi.
 
Günay

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->