Dünya 19:12 30.03.2023

Macarlar Kremlin “qara siyahısı”na niyə salındı? (ŞƏRH)

"Güman edirəm ki, Rusiyanın belə mövqe sərgiləməsi Macarıstanın da adekvat addım atmasına səbəb olacaq”.
 
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Elşən Mirzəoğlu Rusiyanın NATO sanksiyalarına qoşulduğuna görə dost ölkə saydığı Macarıstanı da "dost olmayan ölkələr” siyahısına salmasına münasibət bildirərkən deyib.

"Hərçənd Macarıstanın baş naziri Viktor Orban Avropa İttifaqının Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalara qoşulmurdu və Rusiyaya qarşı irəli sürülən ittihamlara Aİ-nin istədiyi münasibəti sərgiləmirdi. Bu da ondan irəli gəlirdi ki, Budapeştin enerji təhlükəsizliyində Rusiyanın özünəməxsus payı var idi. Amma görünür Macarıstanın mövqeyinə Aİ və NATO-nun təzyiqləri təsir göstərib. Macarıstanın  Aİ ölkələrinə münasibətində Budapeştin istəmədiyi problemlərin yarana biləcəyi istisna deyil. Kreditlərin verilməsi, inteqrasiya, AB-nin gömrük ittifaqının üzv dövlətlər üçün yaratdığı imtiyazlardan məhrum olma təhlükəsi Budapeşti öz maraqlarından çıxış etməyə sövq edib”, deyə politoloq bildirib.

Həmsöhbətimizə görə, Rusiyanın belə mövqe sərgiləməsi Macarıstanın son zamanlar Moskvadan xəbərsiz apardığı hansısa danışıqların nəticəsi olaraq ortaya çıxıb:
 
"Əslində Rusiya Macarıstanın Aİ üzvü olmasına baxmayaraq, əksər məsələlərdə Brüsseldən fərqli mövqe sərgiləməsindən öz xeyrinə istifadə etməli idi. Çünki bu mövqe Aİ dövlətləri arasında çatın dərinləşməsinə xidmət edirdi. Amma Moldovanın Rumıniyaya inteqrasiyası, rumın dilinin burada dövlət dili olması vəziyyəti dəyişdi. Kremli macarların Rusiyadan xəbərsiz Aİ ilə bağlı məxfi danışıqlar aparması narahat edir”.

Qeyd edək ki, Rusiyanın Budapeştdəki səfiri Yevgeni Stanislavov Rusiya Federasiyasına qarşı sanksiyalara qoşulduğuna görə Moskvanın Macarıstanı da "dost olmayan ölkələr” siyahısına daxil etdiyini bildirməsinə münasibət bildirərkən deyib. 

Rüfət Sultan