
Türkiyə Futbol Federasiyasının (TFF) İdarə Heyəti milli komandanın yeni baş məşqçisini müəyyənləşdirmək üçün axtarışlara başlayıb. Namizədlər arasında yerli və xarici mütəxəssislər var.
Qaynarinfo "Hürriyet"ə istinadən xəbər verir ki, iyun ayında keçiriləcək növbəti ümumi yığıncağa qədər vəzifəsini davam etdirmək qərarı verən TFF rəhbərliyinin qısa müddətdə həll etməli olduğu əsas məsələlərdən biri Türkiyə A milli futbol komandasına kimin baş məşqçi təyin olunacağıdır. Ötən gün keçirilən iclasda Vinçenso Montella ilə yolları ayırmaq qərarı verən federasiyanın gündəmində bir sıra namizədlər yer alır.
Yerli namizədlər arasında Donetsk “Şaxtyor”unda uğurlu çıxış edən Arda Turan ön plana çıxır. Hazırda klubsuz olan Şenol Günəş və Fatih Tekke də bu vəzifəyə mümkün namizədlər kimi müzakirə olunur.
Əsas namizəd hesab edilən Turanın hələlik milli komandanı çalışdırmağı düşünmədiyi bildirilir. Onun “Şaxtyor”da uğurlu karyera quraraq gələcəkdə İspaniya, İtaliya və İngiltərə kimi ölkələrin güclü liqalarında işləmək istədiyi qeyd olunur.
15 aydır heç bir klubu çalışdırmayan Fatih Terimə gəlincə, TFF prezidenti İbrahim Hacıosmanoğlunun 2026-cı il dünya çempionatı zamanı onun milli komanda ilə bağlı səsləndirdiyi tənqidi fikirlərə görə bu varianta isti yanaşmadığı bildirilir.
Xarici namizədlər arasında Naqelsmann, Deşam və Pereyra var
Xarici namizədlərin ilk üçlüyündə son aylarda milli komandalarındakı vəzifələrindən ayrılan almaniyalı Yulian Naqelsmann və fransalı Didye Deşam, eləcə də “Fənərbağça”da iki dəfə çalışmış Vitor Pereyra yer alır.
TFF-nin əsas məqsədi karyerası və nüfuzu şübhə doğurmayan, geniş ictimaiyyətin qəbul edə biləcəyi bir mütəxəssislə razılığa gəlməkdir. Federasiya rəhbərliyi Naqelsmann və Deşam kimi məşqçilərdən birini komandaya gətirməklə Türkiyəni yenidən milli komandanın ətrafında birləşdirməyi hədəfləyir.
Aydın



