
Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda yerləşən Kral Xalid Beynəlxalq Hava Limanına hücum edilib. Son məlumatlara görə, hadisə nəticəsində 12 nəfər ölüb, daha 300 nəfər yaralanıb. Yaralılardan bəzilərinin vəziyyəti ağırdır.
Qaynarinfo xəbər verir ki, "Associated Press" agentliyinin məlumatına görə, bu hücum İranla müharibənin başlanmasından bəri ərəb ölkələrində baş verən ən çoxsaylı insan itkisi ilə nəticələnən hadisə olub. Səudiyyə Ərəbistanı hakimiyyətinin açıqlamasında bildirilir ki, ölənlər arasında dörd Səudiyyə Ərəbistanı vətəndaşı, iki Banqladeş vətəndaşı, bir fələstinli, bir ABŞ vətəndaşı, bir misirli, bir iordaniyalı, bir suriyalı və bir sudanlı var.
Nəşrin qeyd etdiyi kimi, hücum Səudiyyə Ərəbistanının müttəfiqlərinə, xüsusilə ABŞ-a hərbi dəstək göstərilməsi ilə bağlı təzyiqlərini artırmasına səbəb ola bilər.
"The Guardian" nəşrinin məlumatına görə, Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya hadisəyə görə qonşu Yəməndə fəaliyyət göstərən və İran tərəfindən dəstəklənən husiləri (Ənsar Allah hərəkatı) məsuliyyətli hesab edib.
ABŞ Prezidenti Donald Tramp İranın dəstəklədiyi husilərə qarşı qonşu Yəməndə həyata keçiriləcək zərbələrdə ABŞ-ın iştirakını nəzərdən keçirdiyini bildirib.
“Bəlkə də. Bu məsələni araşdıracağıq. Biz hücum barədə indicə məlumat aldıq. Buna görə də qərar verəcəyik. Çox sürətli hərəkət edirik”, deyə Tramp bildirib.
Nəşr mənbəyə istinadən bildirib ki, raket hava limanının daxili reyslər üçün nəzərdə tutulan 3 və 4 nömrəli terminallarının yerləşdiyi kompleksə düşüb. Hava limanının ərazisində çoxlu sayda polis əməkdaşı müşahidə olunub, bütün girişlər bağlanıb, kompleksin ətrafındakı işıqlandırma isə zəiflədilib. "Flightradar24" xidmətinin məlumatına görə, reyslər digər hava limanlarına yönləndirilib.
İsrail və İran arasındakı qarşıdurma, eləcə də regionda gərginliyin daha da artması riskləri fonunda Yaxın Şərqdə vəziyyət gərgin olaraq qalır. Yəməndə münaqişənin kəskinləşməsi və Yaxın Şərqdə daha genişmiqyaslı qarşıdurma Səudiyyə Ərəbistanına təzyiqləri artırıb. İranın dəstəklədiyi yəmənli husilər Yəməndə döyüşlərin yenidən başlaması, eləcə də ABŞ və İsrailin İrana qarşı müharibəsi fonunda Səudiyyə Ərəbistanının ərazisinə hücumları intensivləşdiriblər.
Aydın
