Xəbər lenti

NATO yenidən formalaşan Rusiya ordusu ilə birbaşa qarşıdurmada böyük itkilərlə üzləşə bilər
Dünya 23:42 26.06.2026

NATO yenidən formalaşan Rusiya ordusu ilə birbaşa qarşıdurmada böyük itkilərlə üzləşə bilər

Hərbi analitik Maykl Kofmanın fikrincə, NATO aviasiya, donanma və texnologiya sahəsində üstünlüyə malik olsa da, pilotsuz uçuş aparatları və radioelektron mübarizə vasitələri ilə doymuş müasir döyüş meydanında genişmiqyaslı müharibə aparmaq təcrübəsi məhduddur.

Qaynarinfo-nun məlumatına görə, "Foreign Affairs" jurnalında dərc olunan geniş təhlildə aparıcı hərbi analitik Maykl Kofman bildirir ki, Ukraynadakı müharibə Rusiya ordusunun çoxsaylı zəif tərəflərini üzə çıxarsa da, Moskva yaxın perspektivdə də Avropa təhlükəsizliyi üçün əsas təhdidlərdən biri olaraq qalacaq.

Müəllif hesab edir ki, Rusiya ordusu tammiqyaslı işğalın ilk mərhələsində verdiyi ağır itkilərə baxmayaraq, döyüş potensialını gözləniləndən daha sürətlə bərpa edə bilər. Onun qiymətləndirməsinə görə, bu proses 5–7 il çəkə bilər ki, bu da müdafiə planlaşdırması baxımından qısa müddət hesab olunur.

Təhlildə qeyd olunur ki, Rusiya gələcəkdə mövqe müharibəsini təkrarlamaq əvəzinə daha yüksək texnoloji imkanlara əsaslanan genişmiqyaslı hücum əməliyyatlarına üstünlük verməyə çalışacaq.

Məqaləyə görə, Rusiya Silahlı Qüvvələrinin şəxsi heyətinin sayı artırılıb və 1,3 milyon nəfərə çatdırılması nəzərdə tutulur. Böyük itkilər səbəbindən piyada və zabit heyətinin hazırlıq səviyyəsinin zəiflədiyi bildirilsə də, müqaviləli hərbçilərin cəlbi hesabına şəxsi heyətin davamlı şəkildə tamamlanması sistemi formalaşdırılıb.

Müəllif vurğulayır ki, Rusiya hərbi rəhbərliyi artilleriya istehsalının artırılması, pilotsuz sistemlərin geniş tətbiqi və çoxsaylı yüksək dəqiqlikli zərbələrə əsaslanan "kütləvi dəqiqlik" konsepsiyasına üstünlük verir.

Təhlildə bildirilir ki, Qərbin sərt sanksiyalarına baxmayaraq, Rusiya hərbi-sənaye kompleksi komponentlərin əldə olunması üçün alternativ tədarük kanalları tapmağa nail olub və hər il milyonlarla taktiki pilotsuz aparat istehsal edir.

Məqalədə qeyd olunur ki, 2025-ci ildə Rusiya 70 mindən çox uzaqmənzilli kamikadze pilotsuz aparatı istehsal edib, 2026-cı il üçün isə ən azı 100 min belə aparatın istehsalı və tədarükü üzrə müqavilələr bağlanıb. Hazırda Ukraynaya qarşı ayda orta hesabla 6500 belə aparatın istifadə olunduğu bildirilir.

Müəllif həmçinin yazır ki, 14 mindən çox zirehli texnika itirilməsinə baxmayaraq, Rusiya bu çatışmazlığı qismən kompensasiya edə bilir. Zavodların ildə 200-dən çox "T-90M" tankı istehsal etmək imkanına malik olduğu və bu temp saxlanılarsa, 7–8 il ərzində həmin modelin Rusiya tank parkının əhəmiyyətli hissəsini təşkil edə biləcəyi qeyd olunur.

Təhlildə həmçinin bildirilir ki, Rusiya ordusu hədəfin aşkar olunması ilə məhv edilməsi arasındakı vaxtı azaltmağa, real vaxt rejimində kəşfiyyat-zərbə sistemlərini tətbiq etməyə, logistika və komanda-idarəetmə mexanizmlərini yenidən qurmağa çalışır.

Maykl Kofman NATO ölkələrini Rusiyanın Ukraynadakı taktiki uğursuzluqlarına görə arxayınlaşmamağa çağırır. Onun fikrincə, Alyansın hava qüvvələri, donanması və texnoloji imkanları üstün olsa da, pilotsuz aparatların və radioelektron mübarizə vasitələrinin üstünlük təşkil etdiyi döyüş şəraitində əməliyyat təcrübəsi məhduddur.

Müəllif yazır ki, Ukrayna pilotsuz aparat bölmələrinin iştirakı ilə keçirilən birgə təlimlər NATO qüvvələrinin minlərlə pilotsuz aparatın fəaliyyət göstərdiyi mühitdə əməliyyat aparmasının ciddi çağırışlarla üzləşdiyini göstərib. O, həmçinin qısa mənzilli mobil hava hücumundan müdafiə sistemlərinin və ucuz pilotsuz aparatların kütləvi hücumlarına qarşı vasitələrin çatışmadığını qeyd edir.

Təhlildə ABŞ-ın Avropanın təhlükəsizliyində gələcək rolu ilə bağlı siyasi qeyri-müəyyənliyin də risk amili olduğu vurğulanır. Bildirilir ki, NATO-nun mövcud müdafiə planları əhəmiyyətli dərəcədə ABŞ-ın logistika və komanda-idarəetmə imkanlarından asılıdır.

Müəllif hesab edir ki, mümkün münaqişənin ilk günlərində ağır itkilərin qarşısını almaq üçün NATO pilotsuz sistemlərə, hava hücumundan müdafiə şəbəkələrinin genişləndirilməsinə və hərbi strukturların yenidən təşkilinə yönəlmiş islahatları sürətləndirməlidir.

Məqalədə qeyd olunur ki, qarşıdan gələn NATO sammitində Alyans ölkələrinin milyardlarla dollar dəyərində müdafiə müqavilələri imzalaması və hərbi-sənaye potensialının artırılmasına yönəlmiş yeni qərarlar qəbul etməsi gözlənilir.

"Politico"nun diplomatik mənbələrə istinadən yaydığı məlumata görə, Avropa ölkələri sammitdə kollektiv müdafiəni nəzərdə tutan 5-ci maddəyə sadiqliklərini bir daha təsdiqləməyi və Rusiyanı uzunmüddətli təhlükə kimi qiymətləndirməyi planlaşdırırlar.

Bundan əlavə, "The Times"ın yazdığına görə, NATO rəhbərliyi hesab edir ki, qarşıdakı beş il ərzində Alyansın hərbi strukturları süni intellekt tərəfindən koordinasiya olunan minlərlə avtonom pilotsuz aparatın istifadə ediləcəyi yeni müharibə modelinə uyğunlaşdırılmalıdır.

Aydın
--> -->