Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin və "Sholumi" Dağ Yəhudiləri İrsinin Qorunması Mərkəzinin təşəbbüsü və təşkilatçılığı ilə Diasporla İş üzrə Dövlət Komitəsinin akt zalında azərbaycanlı rejissor Rüfət Əsədovun "Əsrlərin dərinliklərindən gələn ənənələr" adlı tammetrajlı sənədli filminin təqdimatı keçirilib.
Qaynarinfo xəbər verir ki, film Azərbaycan Rəssamlar İttifaqının və Azərbaycan Xalçaçılar Birliyinin, həmçinin Rusiya Rəssamlar İttifaqının üzvü, rəssam, dizayner, xalça mütəxəssisi və kolleksiyaçı Albert Rafiyevin həyat və yaradıcılığına həsr olunub. Azərbaycan və İsrail kinematoqrafçılarının birgə layihəsi olan sənədli filmdə Azərbaycan və İsrail xalqları arasında əsrlər boyu formalaşmış mədəni əlaqələr, dostluq və qarşılıqlı hörmət əks etdirilir.
Ekran əsərinin prodüseri Şaul Siman-Tovdur.
Təqdimatda Milli Məclisin deputatları, İsrailin Azərbaycandakı səfirliyinin nümayəndələri, yaradıcı ziyalılar, ictimai xadimlər, incəsənət və səhnə ustaları, xarici ölkələrdən gələn qonaqlar və jurnalistlər iştirak ediblər.
Filmin əsas mövzusu Azərbaycan və yəhudi mədəniyyətlərinin qarşılıqlı vəhdətidir.
Albert Rafiyevin yaradıcılığında Azərbaycan müxtəlif etnik və dini mənsubiyyətə malik insanların əsrlər boyu sülh və qarşılıqlı anlaşma şəraitində birgə yaşadığı, multikulturalizm və tolerantlıq ənənələrinin milli kimliyin ayrılmaz hissəsinə çevrildiyi ölkə kimi təsvir olunur.
Tədbirdə Azərbaycanda tolerantlıq və multikulturalizm sahəsində həyata keçirilən uğurlu dövlət siyasətinin əhəmiyyəti vurğulanıb. Qeyd olunub ki, Prezident İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin etnik və dini müxtəlifliyin qorunmasına, xalqlar arasında qarşılıqlı hörmətə və dinc birgəyaşayış prinsiplərinə əsaslanan siyasi kursunu ardıcıl və uğurla davam etdirir.
Qeyd edək ki, filmin ilk təqdimatı İsraildə, Azərbaycan Respublikasının Təl-Əvivdəki səfirliyində keçirilib, daha sonra isə Qüdsdə nümayiş olunub. Ekran əsərinin yaradıcı heyətinin verdiyi məlumata görə, artıq ABŞ, Almaniya, Niderland, Çexiya, Rusiya və bir sıra digər ölkələrdə filmin nümayişi ilə bağlı təkliflər daxil olub.
Şərhlər