Roma Papası XIV Lev, Amerika qoşunlarının prezident Nikolas Maduronu ələ keçirməsindən və ölkənin idarəçiliyini nəzarətə götürməsindən sonra Venesuelanın suverenliyini qorumağın vacibliyini bəyan edib.
Qaynarinfo xəbər verir ki, bu barədə The Hill nəşri məlumat
yayıb.
Pontiifik Müqəddəs Pyotr meydanındakı bazar duası zamanı dünya hadisələrindən bəhs edərkən Venesuela xalqının maraqlarını hər şeydən üstün tutmağa çağırıb.
"Sevimli Venesuela xalqının rifahı bütün digər mülahizələrdən üstün olmalı, bizi zorakılığa qalib gəlməyə, ölkənin suverenliyini qoruyaraq ədalət və sülh yolunu seçməyə sövq etməlidir. Konstitusiyada təsbit olunmuş qanunun aliliyini təmin etmək, hər bir şəxsin və bütün insanların insan və vətəndaş hüquqlarına hörmət etmək, mürəkkəb iqtisadi vəziyyətdən əziyyət çəkən ən yoxsullara xüsusi diqqət yetirməklə, sabitlik və həmrəylik içində dinc gələcəyin birgə qurulması üçün çalışmaq lazımdır", — deyə XIV Lev vurğulayıb.
Qeyd olunur ki, Papa daha əvvəl ABŞ Prezidenti Donald Trampın Maduronu güc yolu ilə kənarlaşdırmaq təhdidlərinə qarşı çıxaraq bunu etməməyə çağırmışdı.
"Dialoq yollarını axtarmaq və ya bəlkə də iqtisadi təzyiqlər də daxil olmaqla başqa təzyiq vasitələrindən istifadə etmək daha yaxşıdır. Əgər Birləşmiş Ştatlarda istədikləri budursa", — deyə Papa bildirmişdi.
Qeyd edək ki, Avropa İttifaqı (Aİ) da Venesueladakı böhranla bağlı bəyanat yayaraq demokratiyaya çağırış edib. Aİ-nin xarici siyasət rəhbəri Kaya Kallasın sözlərinə görə, ittifaq ölkənin suverenliyinə hörmət edilməklə demokratik quruluşa dinc keçidin tərəfdarıdır.
"Bu kritik məqamda bütün tərəflərin insan hüquqlarına və beynəlxalq humanitar hüquqa tam hörmət etməsi son dərəcə vacibdir. Hazırda Venesuelada saxlanılan bütün siyasi məhbuslar qeyd-şərtsiz azad edilməlidir", — deyə diplomat vurğulayıb.
Eyni zamanda, Müharibənin Öyrənilməsi İnstitutu (ISW) Kremlin ABŞ-ın Venesueladakı əməliyyatına qarşı "təmkinli" reaksiyasını izah edib. Analitiklər qeyd edirlər ki, Rusiyanın reaksiyası şablon xarakter daşıyıb.
"Kreml, çox güman ki, digər dövlətlərin tərəfdaşı kimi öz nüfuzunu qorumaqla Tramp administrasiyasının rəğbətini qazanmaq səyləri arasında balans yaratmalı olacaq", — deyə institutun hesabatında bildirilir.
Alpər
Şərhlər