XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Aqrar sahəyə milyardlarla vəsait ayrılır, bəs büdcəyə nə qədər qazandırır?
Ekonomiks19:00 07.10.2026

Aqrar sahəyə milyardlarla vəsait ayrılır, bəs büdcəyə nə qədər qazandırır?

Kənd təsərrüfatı ölkənin ərzaq təhlükəsizliyinin təmin olunması, daxili bazarın yerli məhsullarla təmin edilməsi və qeyri-neft sektorunun inkişafında mühüm sahələrdən biridir. Aqrar sektorun inkişafı həm fermerlərin gəlirlərinə, həm də ərzaq məhsullarının qiymətlərinə birbaşa təsir göstərir. Bu sahədə istehsalın artırılması ilə yanaşı, su təminatı, iqlim dəyişiklikləri, maliyyələşmə, satış bazarlarına çıxış və müasir texnologiyaların tətbiqi kimi məsələlər də aktual olaraq qalır.

Bəs hazırkı vəziyyətdə aqrar sahənin inkişafı üçün dövlət tənzimləməsi və dəstəyi nə dərəcədə vacibdir? Xüsusi ilə hansı sahələrin bu dəsətəyə ehtiyacı var?

Qaynarinfo xəbər verir ki, iqtisadçı Günay Hüseynova aqrar sahənin inkişafı üçün dövlət tənzimlənməsi və dəstəyin vacib olduğunu bildirib.

O qeyd edib ki, kənd təsərrüfatı digər sahələrdən fərqli olaraq müxtəlif risklərdən daha çox asılıdır:

“​Mövcud şəraitdə aqrar sahənin inkişafı üçün dövlət tənzimlənməsi və dəstəyi kifayət qədər vacibdir. İlk növbədə onu xüsusi vurğulamaq istəyirəm ki, kənd təsərrüfatı digər sahələrdən fərqli olaraq iqlim, su təminatı, mövsümilik, qiymət dəyişkənliyi və məhsuldarlıq risklərindən daha çox asılıdır. Bu səbəbdən aqrar sektorda yalnız bazar mexanizmlərinə güvənmək fermerlərin üzləşdiyi riskləri tam aradan qaldırmır.

Dövlət dəstəyinin əsas məqsədi fermeri daimi subsidiyadan asılı vəziyyətə gətirmək deyil, onun istehsal imkanlarını genişləndirmək və rəqabət qabiliyyətini artırmaq olmalıdır. Xüsusilə güzəştli maliyyələşmə, suvarma infrastrukturunun yaxşılaşdırılması, aqrar sığortanın genişləndirilməsi, müasir texnologiyaların tətbiqinə dəstək və məhsulun satış bazarlarına çıxış imkanlarının artırılması mühüm istiqamətlərdir”.

İqtisadçı ən çox dəstəyə ehtiyacı olan sahələrdən birinin su təminatından asılı əkinçilik olduğunu vurğulayıb:

“Ən çox dəstəyə ehtiyacı olan sahələrdən biri də su təminatından asılı olan əkinçilikdir. Burada isə problem olduqca qabarıqdır. Belə ki, su qıtlığı və iqlim dəyişiklikləri fonunda müasir suvarma sistemlərinə keçidin sürətləndirilməsi vacibdir. Eyni zamanda toxumçuluq, intensiv bağçılıq, heyvandarlıq, yem istehsalı və istixana təsərrüfatlarında məhsuldarlığın artırılmasına yönələn tədbirlər də önəmlidir.

Bundan başqa, aqrar sahənin əsas problemlərdən biri yalnız məhsul istehsal etmək deyil, həmin məhsulu emal edib daha yüksək əlavə dəyər yaratmaqdır. Buna görə kənd təsərrüfatı ilə yanaşı, aqroemal müəssisələrinin, soyuducu anbarların, logistika və qablaşdırma infrastrukturunun inkişafına da dəstək verilməlidir.

Düşünürəm ki, yeni qanunvericilik çərçivəsində əsas yanaşma dövlət dəstəyinin həcmini artırmaqdan daha çox onun ünvanlı və səmərəli təşkilinə yönəlməlidir. Yəni dəstək elə mexanizmlərlə verilməlidir ki, fermerin məhsuldarlığı, gəlirliliyi və bazarda rəqabət qabiliyyəti artsın. Bu halda dövlət dəstəyi aqrar sektorun uzunmüddətli və dayanıqlı inkişafına real təsir göstərə bilər”.

Günay Hüseynova dövlət dəstəyi ilə yanaşı, aqrar sektorun büdcəyə verdiyi töhfənin də qiymətləndirilməsinin vacibliyini qeyd edib:

“Digər bir məsələ isə yerli istehsal hesabına daxili bazarı təmin etmə və aqrar sektorun ölkə iqtisadiyyatında, dövlət büdcəsində nə qədər paya sahib olması ilə əlaqədardır. Məsələn, 2026-cı il üçün bu sahəyə büdcə ayrıldı, eyni zamanda subsidiya, yatırılan külli miqdarda vəsaitin qarşılığında bu sahədən dövlət büdcəsi nə qədər gəlir əldə etdi?

Məlumdur ki, büdcənin əsas hissəsi neftdən gələn gəlirlər hesabınadır. Qeyri-neft sektorunun inkişafı, həmçinin öz gəlirləri hesabına sahənin formalaşması əsas prioritet məsələdir”.

Günay İlqarqızı