Dünya 14:16 22.07.2022

Rusiya “dost olmayan” ölkələr siyahısını genişləndirdi

Rusiya ona "dost olmayan” dövlətlərin qısa siyahısını yeni ölkələrlə genişləndirib.

Qaynarinfo bu barədə "The Moscow Times” saytına istinadla xəbər verir.

Rusiya hökumətinin dərc etdiyi yenilənmiş siyahıya indi Yunanıstan, Sloveniya, Xorvatiya, Slovakiya və Danimarka əlavə edilib. 

İlk dəfə 2021-ci ilin may ayında ABŞ və Çexiyanın daxil olduğu "dost olmayan” ölkələrin siyahısı Rusiyada xarici dövlətlərin diplomatik nümayəndəliklərində işə götürülə biləcək yerli işçilərin sayını məhdudlaşdırır.

İndi Rusiyadakı səfirlik və konsulluğunda Yunanıstan 34, Danimarka 20, Slovakiya isə 16 yerli işçi saxlaya bilər.

Hökumətin qərarında deyilir ki, "Sloveniya və Xorvatiya öz diplomatik nümayəndəliklərinə və konsulluq idarələrinə işçi götürə bilməyəcəklər”.

"Qeyri-dost” ölkələrin ayrıca siyahısı əsasən 48 Qərb ölkəsinə iqtisadi məhdudiyyətlər qoyur.

Nurlan Hüseynov