Çinin paytaxtı Pekində robotlar üçün “uşaq bağçası” açılıb. Burada tədqiqatçılar maşınların öyrədilməsinə alternativ yanaşmanı araşdıracaqlar.
Qaynarinfo xəbər verir ki, bu barədə Çində nəşr olunan ingilisdilli "Global Times" qəzeti məlumat yayıb.
Robotların təlimi üçün mərkəz Pekinin Şitszinşan rayonunda yaradılıb. Mərkəzin yaradılmasında toxunma sensorları üzrə ixtisaslaşan Çin şirkəti "Tashan Technology" və kanadalı alim Riçard Sattonun rəhbərlik etdiyi komanda iştirak edib.
Mərkəzdə əsas diqqət toxunma qavrayışına və fasiləsiz öyrənməyə yönəldiləcək. Beləliklə, insanın robota hər bir hərəkəti göstərməsi əvəzinə, robotların sınaq və səhv yolu ilə öz təcrübələri əsasında öyrənməsi nəzərdə tutulur.
Məsələn, robot yeriməyi öyrənərkən divara çırpılarsa, bu toqquşma onun təcrübəsinin bir hissəsinə çevrilir. Maşın baş verənləri yadda saxlayır, yenidən cəhd edir və eyni səhvə yol verməmək üçün hərəkət trayektoriyasını dəyişir.
Məqalədə qeyd olunur ki, fasiləsiz öyrənmə robotlara istifadəyə verildikdən sonra da uyğunlaşmağa, o cümlədən ilkin təlim zamanı nəzərdə tutulmayan vəziyyətlərə reaksiya verməyə imkan verəcək.
Pekin Sosial Elmlər Akademiyasının elmi əməkdaşı Van Penin sözlərinə görə, ətraf mühitin müstəqil şəkildə araşdırılması robotlara konkret tapşırıqlar üzrə məhdud təlim çərçivəsindən kənara çıxmağa və fiziki dünya haqqında daha fundamental anlayış formalaşdırmağa kömək edə bilər.
Aydın
Şərhlər