Xəbər lenti

Taliban Əfqanıstanı
Dünya 13:08 30.05.2024

Taliban Əfqanıstanı "vergidən azad ölkə"yə çevirir: Bu qərarın arxasında kim dayanır?

"Talibanın bu addımı əslində Çinin layihəsidir". 

Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli Taliban rejiminin Əfqanıstanı "vergidən azad ölkə" etmək qərarına gəlməsinə münasibət bildirərkən deyib. 

Natiq Cəfərli qeyd edib ki, Əfqanıstandakı Taliban hökumətini dünyada nadir ölkələr legitim hakimiyyət kimi tanıyır:

"Bu mənada onların ölkəni azad iqtisadi zonalar elan edib-etməmələrinin prosesə heç bir təsiri olmayacaq. Bu ideya yəqin ki, Çinin layihəsidir. Çünki Pekinin Talibanla özəl münasibətləri var. Güman ki, taliblər bu addımı Çinin təsiri ilə atmaq istəyirlər".



Lakin həmsöhbətimiz rejimin bu addımının ölkə üçün ciddi təsirlərinin olacağını düşünmür: 

"Ölkədə qanunlar işləmir, məhkəmə hakimiyyəti yoxdur. Əfqanıstanda hakimiyyətin legitimliyi silah üzərindədir. Belə olan halda orada azad iqtisadi zonanın elan olunub-olunmamasının heç bir təsiri yoxdur. Çox güman, bu addım Pekinin lobbiçiliyilə atılır ki, Çin şirkətləri Əfqanıstanda çalışarkən, vergilərdən azad olsunlar". 

Qeyd edək ki, Taliban qüvvələri Əfqanıstanı "vergidən azad ölkə" etmək qərarına gəlib. Bu barədə Əfqanıstan İslam Əmirliyinin Ali Təhsil Şurasının sədri Məhəmməd Nedim məlumat yayıb:

"Əmirimiz Xibetullah Axunzadənin göstərişi ilə biz tezliklə vətəndaşlarımızdan aldığımız bütün vergiləri ləğv edəcəyik. Əfqanıstan vergidən azad ölkəyə çevriləcək". 

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->