2026-cı il dünya çempionatının qrup mərhələsində Türkiyə millisi ABŞ yığmasını dramatik oyunda 3:2 hesabı ilə məğlub edib. Görüşün taleyini həll edən qolu əlavə vaxtda Kaan Ayhan vurub.
ABŞ millisi D qrupunun lideri kimi Los-Ancelesdə keçirilən oyuna ardıcıl üçüncü qələbəsini qazanmaq məqsədilə çıxmışdı.
Qaynarinfo-nun verdiyio xəbərə görə, komanda eyni zamanda pley-off mərhələsi öncəsi uğurlu seriyasını davam etdirməyi hədəfləyirdi.
Türkiyə millisi isə Paraqvay və Avstraliyaya məğlub olduqdan sonra turnirdə ilk qələbəsini qazanmağa və uğursuz çıxışını arxada qoymağa çalışırdı.
Hər iki komandanın start heyətində bir sıra dəyişikliklər edilsə də, Los-Anceles stadionunda keçirilən qarşılaşma yüksək temp və gərgin mübarizə şəraitində keçib.
ABŞ oyuna fəal başlayıb. Görüşün ilk dəqiqələrində Auston Trasti künc zərbəsindən sonra uzaq dirəkdə nəzarətsiz qalıb, topu qəbul etdikdən sonra dəqiq zərbə ilə hesabı açıb. Bu, "Celtic" klubunun müdafiəçisinin ABŞ millisində vurduğu ilk qol olub.
Lakin Türkiyə yığması qısa müddətdə oyuna tarazlıq gətirib. Arda Güler Mark Makkenzini məharətlə keçərək topu sağ cinahda Barış Alper Yılmaza ötürüb. Yılmazın geri qaytardığı ötürməni Arda Güler dəqiq tamamlayaraq 10-cu dəqiqədə hesabı bərabərləşdirib.
İlk hissənin gedişində meydanda gərginlik də yaşanıb. Sebastian Berhalterin kobud oyunu Türkiyə futbolçularının və ehtiyat oyunçular skamyasının etirazına səbəb olub. Nəticədə amerikalı yarımmüdafiəçi sarı vərəqə alıb.
ABŞ bir qədər sonra yenidən hesabda önə keçdiyini düşünüb. Mark Makkenzinin qapıya göndərdiyi top qol olsa da, epizod zamanı Rikardo Pepinin ofsayd vəziyyətində olduğu müəyyənləşdirilib və VAR yoxlamasından sonra qol qeydə alınmayıb.
31-ci dəqiqədə isə Türkiyə hesabda önə keçib. Arda Güler sol cinahda Eren Elmalının qaçışını vaxtında görərək ona ötürmə verib. Elmalının cərimə meydançasına göndərdiyi topu Barış Alper Yılmaz dəqiq zərbə ilə qapıdan keçirərək hesabı 2:1 edib.
"Kapitan Amerika" yenidən meydana çıxdı
İkinci hissəyə ABŞ daha fəal başlayıb və 49-cu dəqiqədə hesabı bərabərləşdirib. Türkiyə müdafiəsinin topu tam uzaqlaşdıra bilməməsindən istifadə edən Sebastian Berhalter cərimə meydançası kənarından vurduğu dəqiq zərbə ilə fərqlənib.
Oyunun gedişində ABŞ millisinin baş məşqçisi Maurisio Poçettino komandanın aparıcı futbolçusu Kristian Pulisiki meydana buraxıb. "Kapitan Amerika" ləqəbi ilə tanınan Pulisik zədə səbəbindən əvvəlki oyunu buraxmışdı və azarkeşlər onu gur alqışlarla qarşılayıblar.
Pulisik meydana daxil olduqdan sonra ABŞ-ın hücumları daha da təhlükəli olub. O, sol cinahdan bir neçə dəfə rəqib müdafiəni çətin vəziyyətə salsa da, Türkiyə qapıçısı və müdafiəçiləri etibarlı çıxış edərək hesabın dəyişməsinə imkan verməyiblər.
Türkiyə də cavab hücumlarını davam etdirib. 72-ci dəqiqədə Kənan Yıldızın təhlükəli zərbəsi cüzi fərqlə qapının yanından keçib.
Qarşılaşmanın həlledici anı əlavə vaxtda yaşanıb. Kaan Ayhan cərimə meydançasında yaranmış qarışıqlıqdan istifadə edərək topu yaxın məsafədən qapıya göndərib və Türkiyə millisinə 3:2 hesablı qələbə qazandırıb.
Final fitindən sonra Türkiyə futbolçuları qələbəni böyük sevinclə qeyd ediblər. ABŞ millisi isə məğlubiyyətə baxmayaraq, qrup lideri kimi pley-off mərhələsinə yüksəlib.
Aydın
Şərhlər