Sənət 10:46 19.05.2022

Şuşadan oğurlanan xalçalarımız Ermənitanda Muzeylər Günündə sərgilənməyəcək

Şuşa Xalça Muzeyinin kolleksiyası bir gün əvvəl qeyd olunan Beynəlxalq Muzeylər Günü çərçivəsində təqdim olunmayıb və mayın 21-də Muzeylər Gecəsində təqdim olunmayacaq, lakin xalçaların tədbirlərdən kənarda nümayişi məsələsi gündəmə gətirilir. 

Qaynarinfo xəbər verir ki, bunu "Sputnik Ermənistan"a açıqlamasında Ermənistanın Mədəni İrs və Folklor Departamentinin rəhbəri Astqik Marabyan deyib.

"Şuşa Xalça Muzeyinin kolleksiyası hazırda İrəvandadır, nazirlik sərgini fəal şəkildə təşkil edir. Tarix Muzeyində müvəqqəti xalça sərgisinin təşkili məsələsi müzakirə olunur", - Marabyan qeyd edib.

Onun sözlərinə görə, Şuşa Xalça Muzeyinin kolleksiyası sərgilənməyəcək, çünki hazırda ciddi hazırlıq işləri gedir və nazirlik ekspozisiyanın növbəti sərgiyə çevrilməsini istəmir.

"Tarix Muzeyində son vaxtlar təmir işləri gedir, binalar əsaslı təmirə məruz qalır və bu, vaxt aparır. Məzmun baxımından da hazırlıq gedir, biz bu kolleksiyanı lazımi formada təqdim etməyə çalışırıq", - Marabyan bildirib.

Ermənistanın nəzarətində olan yaşayış məntəqələrində yerləşən "Artsax” muzeyləri mövzusunu şərh edən Marabyan proqramda fəal iştirak edəcəklərini qeyd edib. O əlavə edib ki, onların fəaliyyəti də Beynəlxalq Muzeylər Gününün mövzusuna daxildir.
Şuşa Xalça Muzeyinin direktoru Vardan Astsatryan "Sputnik Ermənistan”a müsahibəsində bildirib ki, muzeyin eksponatları hazırda dövlət ərazisində saxlanılır, onlar Muzey Günündə nümayiş etdirilməyəcək.

Astsatryanın sözlərinə görə, fevralda nazirlik həmin vaxta qədər binaların veriləcəyini vəd edib, lakin nədənsə bu baş tutmayıb. Muzeyin direktoru hələ ki, nazirlikdən sifariş almadığını, lakin muzeyin yalnız altı ay ərzində xalçaları sərgiləyə biləcəyini deyib.

Nazirlik əvvəlcə xalçaların sərgisi üçün Xarici İşlər Nazirliyinin keçmiş binasının ayrılacağını bildirsə də, sonradan burada xalçaların da olduğunu əsas gətirərək, seçim Tarix Muzeyində qalıb. Astsatryanın sözlərinə görə, onun üçün vacibdir ki, muzey başqa muzeylərlə bitişik olmasın, ayrı bir bölmə kimi fəaliyyət göstərsin, çünki bu, öz ənənələri olan, bütün dünyada tanınan qurulmuş muzeydir.

Xatırladaq ki, mayın 21-də Ermənistan və qondarma "Artsax”ın 125 muzeyinin qoşulduğu "Muzeylər gecəsi” ümumavropa tədbiri keçiriləcək. Muzeylər mayın 21-i saat 11:00-dan 24:00-a qədər hər kəsin üzünə açıq olacaq.
 
Alpər