Orxan Saffari
phrase_var_qaynar. 19:26 11.02.2022

"Aşkım Röya, Aygün, Elza Seyidcahan"

Orxan Saffari

Azərbaycan cəmiyyətinin bir hissəsində belə bir fikir formalaşıb ki, şoumen,  müğənni, bəstəkar, bir sözlə, incəsənət adamları, məhz, onların istədiyi kimi olmalıdır. Onlar geyin deyəndə geyinməli, soyun deyəndə soyunmalı, oxu deyəndə oxumalı, oxuma deyəndə də oxumamalıdır. Ta bineyi qədimdən aşkım Röya Ayxanın, Aygünün efirlərdə soyunması azərbaycanlıların təfəkküründə dərin iz buraxdı. Qıraqdan baxsan elə bilərsən ki, azərbaycanlılar birinci dəfədi bədən görürlər. Uşaqlığıma düşən bu "soyunma dövründə" yaxşı xatirimdədir ki, o vaxt onları linç edənlər indi necə lazımdırsa, elə də qəbul ediblər. Onlar lap belə qəsdən soyundular, gündəmə gəldilər, amma ortada sənət var idi deyə, artıq demək olar ki, bədənləri qalıb arxa planda.

"Anaktarnazim"-sənət sənət üçündür. 

Normal cəmiyyətlərdə məhz belə də olmalıdır. Müğənni hicabda olası deyil ki.  Söz yox e, ola da bilər, amma buna məcbur da deyil. Rihanna soyunanda onu sənətçi kimi qəbul edən adamlar Aygünü, aşkım Röyanı niyə etməsin ki? Adət-ənənə, mental dəyərlər, ay brat? Get də, yetim, qapından içəri "otviçat" dur. Guya bununla insanların əxlaqı pozulurmuş. Bəli, demirəm birbaşa lütdənsinlər, lifçik-tursikdə çıxsınlar, amma sən özündə bu ixtiyarı necə tapmısan ki, müğənnini qısa geyiminə görə söyəsən? Həqiqətənmi bir qısa geyimə baxıb əxlaqın pozulacaq qədər əxlaqsızsan?! 

Nəysə. Aygün və aşkım Röyadan başqa vaxt da danışaram. İndi sözümün canı, Mustafagili həm də Elza Seyidcahandır.

Azərbaycan estradasında olduqca maraqlı, kreativ bir xanımı azərbaycanlıların kütləvi şəkildə lağa qoyması İmamsöyün haqqı pisimə gedir. Ona görə pisimə gedir ki, onlar Elza Seyidcahanı peşəkar, xüsusi ilə ölkədə olan tək-tük peşəkar bəstəkar kimi yox, geyim tərzi, son illər yazdığı şeirlər ilə xatırlayır, məzələnir. Vallah, heyvanlara konsert verən bir sənətçi xaricdə olsaydı, çox da gözəl qarşılanardı. Bu cür uyğunlaşdırmalar hər nə qədər xoşuma gəlməsə də, deməyə məcburam. 

Şou-biznesdə də son dərəcə əyləncəli, bu cür maraqlı bir adama elə adamlar gülür ki, istəyirəm, Elzanın hərdən efirə çıxanda başına qoyduğu şey-şüyü götürüb vuram təpəsinə. Mən bu qadını uşaqlığımdan həmişə yenilikçi, kreativ görmüşəm. Fərq etmir onun bu kreativliyi, yeniliyi nə dərəcədə alınır, ya yox. Əsas odur ki, sənətsəldi, maraqlıdır və bir də qayıdım aşkım Röyaya, Aygünə onu deyim ki, Elzanın da sənəti var deyə, bütün bunlar maraqlı görünür. Ən azından sənəti az da olsa bilən adama. 

Hələ bir sənətkarımız, Faiq Ağayevə də o vaxtlar olan münasibət yəqin ki, yadınızdan çıxmayıb. İndi də var, amma çox şükür ki, azdır. Bu cür mahir bir sənətkarın sənəti qalıb qıraqda, görməzdən gəlinib, gör nələrə görə söyülüb, qəbul edilmir. Amma zaman həqiqətən də göstərdi ki, Aşkım Röyada, Aygün də, Elza Seyidcahan canım da, Faiq Ağayev də əsl sənətkarlardır. Əsl sənətkarlardır ki, nəyin hesabına olursa olsun, bu gün də dinlənilir, sevilir. Həm də artıq kütləvi şəkildə. Sağlıq olsun, qəbul etmədiyiniz şeyləri də yavaş-yavaş, hissə-hissə qəbul edəcəksiniz. Təki bütün inkarların tərkibində sənət olsun.