Atlantik okeanında yerləşən və təxminən 500 kilometr uzunluğa malik nəhəng sualtı kanyon Yer daxilində baş verən geoloji proseslərin təsiri ilə formalaşmış ola bilər.
Qaynarinfo xəbər verir ki, "Iflscience" nəşrinin yazdığına görə, Şimali Atlantikdə kanyonvari çökəkliklərdən ibarət olan və "Kings Trough" kompleksi kimi tanınan bir ərazi mövcuddur. Kompleksin şərq hissəsi Atlantik okeanının ən dərin bölgələrindən biri hesab olunur.
Ən diqqətçəkən hövzə eyni adlı Kings Trough çökəkliyidir. Onun uzunluğu təxminən 350 km, eni isə 80 km-ə qədərdir. Tədqiqatçılar bu ərazinin xəritəsini ilk dəfə ətraflı şəkildə tərtib ediblər. Araşdırma zamanı məlum olub ki, bu çökəkliyin hər iki tərəfində sualtı dağları xatırladan uzunsov silsilələr yerləşir. Onların arasında Antialtair sualtı dağı da var və nəticədə cəmi 15 km enində sahədə hündürlük fərqi 4000 metrdən çox təşkil edir.
Sualtı kanyonların sirri
Yer səthindəki kanyonların yaranmasını izah etmək daha asandır. Məsələn, ABŞ-da yerləşən Böyük Kanyon Kolorado çayının Kolorado yaylasını kəsərək formalaşdırdığı relyef nəticəsində yaranıb.
Sualtı kanyonlar isə bu cür proseslərlə formalaşmır və onların yaranma mexanizmi hələ də kifayət qədər öyrənilməyib.
Alimlər təxminən 50 ildir ki, "Kings Trough" kompleksinin mənşəyi ilə bağlı müzakirələr aparırlar. Lakin bu müddət ərzində ərazi yalnız məhdud şəkildə öyrənilib və süxur nümunələri cəmi bir neçə nöqtədən götürülüb.
Araşdırma nə göstərdi?
Son araşdırmada alimlər hidro-lokator vasitəsilə ərazinin xəritəsini hazırlayıb və dəniz dibindən qazıntı yolu ilə süxur nümunələri toplayıblar. Onlar başqa bir ekspedisiyanın xəritə məlumatlarını da birləşdirərək "Kings Trough" kompleksinin morfologiyasının ilk detallı və hərtərəfli təsvirini yaradıblar. Həmçinin okean dibindən götürülən nümunələrin yaşı da müəyyən edilib.
Araşdırmanın aparıcı müəllifi, alman dəniz geoloqu Antye Dürkevelden bildirib ki, tədqiqatçılar uzun müddətdir bu strukturun formalaşmasında tektonik proseslərin – yəni Yer qabığının hərəkətlərinin – əsas rol oynadığını düşünürdülər.
Onun sözlərinə görə, yeni nəticələr ilk dəfə olaraq bu qeyri-adi quruluşun məhz niyə həmin ərazidə formalaşdığını izah edir.
Tədqiqatçıların hesablamalarına görə, təxminən 37–24 milyon il əvvəl Şimali Atlantikin bu hissəsindən tektonik plitələrin sərhədi keçirdi və həmin sərhəd boyunca Yer qabığı dartılaraq parçalanıb.
Yer daxilindən gələn təsir
Alimlər hesab edir ki, bölgədə daha qalın okean qabığının olması da bu kompleksin formalaşmasında rol oynamış ola bilər. Bu isə Yer dərinliklərindən qalxan ərimiş süxurun böyük miqyaslı yüksəlişi nəticəsində baş verə bilərdi.
Seysmik və qravimetrik məlumatlara əsaslanan tədqiqatçılar bildirirlər ki, bu yüksəklik daha qalın okean qabığından ibarət ola bilər. Bu qabıq Orta Atlantik silsiləsində, yuxarı mantiyanın temperaturunun artması və ərimiş süxurun qalxması nəticəsində formalaşıb.
Alimlər əlavə edirlər ki, həmin bölgədə ərimə prosesləri ilə bağlı anomaliya hələ də müşahidə olunur.
Tədqiqatın digər həmmüəllifi, alman dəniz geoloqu Yörg Heldmaxerin sözlərinə görə, qızmış və qalınlaşmış qabıq bölgəni mexaniki baxımdan daha zəif edib. Bu səbəbdən tektonik plitələrin sərhədi məhz bu ərazidə yerləşib. Daha sonra sərhəd müasir Azor adalarına doğru dəyişdikdə isə "Kings Trough" çökəkliyinin formalaşması prosesi dayanıb.
Nəşrin qeydinə görə, bu nəticələr yalnız regionun geoloji keçmişini anlamağa kömək etmir, həm də digər bölgələrin gələcəkdə necə inkişaf edə biləcəyinə dair ipucları verir.
Aydın
Şərhlər