"Bu səfər Suriyanın gələcək taleyilə bağlıdır".
Bunu Qaynarinfo-ya açıqlamasında siyasi şərhçi Qulamhüseyin Əlibəyli ABŞ dövlət katibi Entoni Blinkenin Türkiyəyə səfərini şərh edərkən deyib.
Qulamhüseyin Əlibəyli bildirib ki, Blinken Türkiyəyə səfəri daha çox Suriya problemi ilə bağlıdır:
"Suriyada Bəşər Əsədin devrilməsilə yeni dövr başlayır. Bu dövrdə də müxtəlif güc mərkəzləri Suriyada öz maraqlarını həyata keçirmək istəyir. Bu əsasda da onlar öz maraqları çərçivəsində hərəkət edirlər. ABŞ-da Yaxın Şərqdəki maraqlarının təmin olunması istiqamətində müəyyən işlər görür. Nəzərə alaq ki, Suriya məsələsində Türkiyə ilə ABŞ-ın, İsrailin, İranın maraqları toqquşur. Blinken də Ankaraya gəlib ki, həmin maraqlar çərçivəsində Türkiyə ilə nəyisə razılaşdırsın".
Ekspertə görə, bu səfər Suriyanın gələcək taleyilə bağlıdır:
"Ona görə də Blinken Suriyanın gələcək taleyilə bağlı Ankara ilə fikir mübadiləsi aparmaq üçün gəlib. Donald Tramp elan edib ki, PKK-ya və onun Suriyadakı terrorçu dəstələrinə görə ABŞ əsgərlərini burada saxlamaq niyyətində deyil. Bu isə Türkiyə üçün silahlı terrora qarşı mübarizədə müəyyən gələcək və üstünlük vəd edir. Bu nöqteyi- nəzərdən Blinkenin səfəri hər iki ölkə üçün maraqlıdır".
Həmsöhbətimiz qeyd edir ki, böyük ehtimalla Blinkenin Ərdoğanla görüşündə başqa məsələlər də həll olunub:
"O cümlədən, Ermənistan-Azərbaycan arasında sülh prosesilə bağlı məsələlərin müzkirəsi də istisna edilmir".
Qeyd edək ki, ABŞ dövlət katibi Entoni Blinken dünən Türkiyəyə gəlib. O, İordaniya səfərindən dərhal sonra, Ankaraya uçub. Burada Blinken Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb.
Rüfət Sultan
Şərhlər