Lənkəranda qadın qaynının arvadının 9200 manatlıq qızıl-zinət əşyalarını oğurlayıb.
Oxu.Az-ın məlumatına görə, şəhər sakini, 1998-ci il təvəllüdlü Fəran Əsgərli şəxsi məsələləri üçün Lənkəran sakinindən 2 min manat borc götürsə də, həmin pulu söz verdiyi vaxtda qaytara bilməyib. Qadın məcburiyyət qarşısında qalaraq oğurluq etdiyini bildirib.
Belə ki, bu ərəfədə Fəran Əsgərlinin qayınanasının qardaşı ölüb, ailə üzvləri yas mərasiminə gediblər. Həmin vaxt evdə F.Əsgərli tək qalıb və fürsətdən istifadə edərək evdən oğurluq etmək qərarına gəlib. Bu məqsədlə o, bir evdə yaşadığı qaynı Tural Əsgərli və onun xanımına aid yataq otağına girib və eltisinin ümumi dəyəri 9200 manat olan qızıl-zinət əşyalarını oğurlayıb. O, bəziləri brilyant qaşlı olan zinət əşyalarını borc aldığı şəxsə verərək bildirib ki, satsın, öz pulunu götürsün, qalan məbləği isə ona qaytarsın.
Hadisədən bir gün sonra T.Əsgərlinin həyat yoldaşı evindən zinət əşyalarının oğurlandığını bilib, bu barədə həyat yoldaşına məlumat verib. T.Əsgərli qardaşının arvadına deyib ki, əgər əşyalarını o oğurlayıbsa, qaytarsın. F.Əsgərli isə qızıllardan xəbəri olmadığını söyləyib.
Məcburiyyət qarşısında qalan ailə məsələ ilə bağlı polisə məlumat verib. Polisin keçirdiyi əməliyyatla F.Əsgərli şübhəli şəxs qismində saxlanılıb.
Faktla bağlı cinayət işi başlanılıb və iş məhkəməyə göndərilib. Məhkəmə istintaqı zamanı tərəflər arasında barışıq elan edilib və zərərçəkmişə dəymiş ziyan ödənilib. Məhkəmənin hökmü ilə F.Əsgərliyə 1 il azadlığın məhdudlaşdırılması cəzası verilib, ona elektron nəzarət qolbağı tətbiq olunub.
Şərhlər