İnsanın bioloji yaşı ilə təqvim yaşı çox vaxt üst-üstə düşmür. Eyni ildə doğulan iki nəfər tamamilə fərqli sürətlə qocala bilər. Buna görə də alimlər uzun illərdir orqanizmin real vəziyyətini daha dəqiq qiymətləndirməyə imkan verən üsullar üzərində çalışırlar.
Qaynarinfo "Indian Defence Review"ə istinadən xəbər verir ki, "Nature" jurnalında dərc olunan yeni araşdırma qocalmanın ölçülməsi üçün fərqli yanaşma təklif edir.
İndiyədək istifadə olunan qocalma "saatları" əsasən genlərin fəaliyyətinə təsir göstərən epigenetik dəyişikliklərə əsaslanırdı. Lakin bu üsullar hər zaman kifayət qədər dəqiq nəticələr vermirdi. Yeni tədqiqatın müəllifləri isə diqqəti DNT-dəki epigenetik dəyişikliklərdən çox genlərin aktivliyinə yönəldiblər.
Bunun üçün tədqiqatçılar siçanlar, siçovullar, makakalar və insanlar da daxil olmaqla dörd məməli növünə aid 25 fərqli toxumadan əldə edilmiş təxminən 11 min gen ifadəsi profilini (transkriptomu) təhlil ediblər. Transkriptom müəyyən anda hüceyrədə hansı genlərin aktiv olduğunu göstərir və onun funksional vəziyyətini əks etdirir.
Araşdırma zamanı alimlər qocalma prosesi, eləcə də ömrü uzadan və ya qısaldan amillərin təsiri altında hansı genlərin aktivləşdiyini və ya fəaliyyətinin zəiflədiyini müəyyən ediblər. Müxtəlif növlərin müqayisəsi qocalmanın ümumi molekulyar qanunauyğunluqlarını aşkar etməyə imkan verib.
Harvard Universitetinin professoru və tədqiqatın baş müəllifi Vadim Qladışev bildirib: "Bu qocalma saatları qocalmanı daha yüksək dəqiqliklə ölçmək üçün yeni üsul ola bilər. Onlar xəstəlik və ölüm riskinin proqnozlaşdırılmasına, müalicənin effektivliyinin qiymətləndirilməsinə və bioloji yaş əsasında fərdiləşdirilmiş tibbi yanaşmaların hazırlanmasına kömək edə bilər".
Tədqiqatın əsas nəticələrindən biri müxtəlif hüceyrə tiplərində qocalmanın molekulyar əlamətlərinin böyük ölçüdə oxşar olmasıdır. İmmun, kök, qaraciyər və əzələ hüceyrələrində bənzər nümunələr müşahidə edilib.
Məlum olub ki, hüceyrələrin sağlam bölünməsi və toxumaların bərpası ilə əlaqəli genlərin yüksək aktivliyi daha ləng qocalma ilə əlaqəlidir. Əksinə, hüceyrə ölümü və xroniki iltihabla bağlı genlərin yüksək aktivliyi sürətlənmiş qocalmanın göstəricisi hesab olunur.
Araşdırmanın aparıcı müəllifi Aleksandr Tışkovski qeyd edib ki, müəyyən edilən genetik siqnallar təkcə bioloji yaşla əlaqəli deyil: "Onlar insanlarda ölüm riskinin və gözlənilən ömür uzunluğu ilə bağlı göstəricilərin proqnozlaşdırılması baxımından da məlumatvericidir".
Bu isə o deməkdir ki, yeni hazırlanmış "genetik saat" yalnız hüceyrələrin hazırkı bioloji vəziyyətini deyil, həm də insanın gözlənilən ömür uzunluğu barədə proqnoz verməyə kömək edə bilər.
Bununla belə, tədqiqatçılar vurğulayırlar ki, bu metod hələ yalnız elmi araşdırma vasitəsidir və tibbi praktikada istifadəyə hazır deyil. Onun etibarlılığı və effektivliyi əlavə tədqiqatlarla təsdiqlənməlidir.
Aydın
Şərhlər