
Axşam yeməyindən sonra böyrəklər üçün ən yaxşı içki sudur. Su orqanizmdən tullantıların xaric edilməsinə kömək edir, lazımi maye balansını qoruyur və tərkibində əlavə şəkər və ya digər zərərli maddələr olmur. Bununla belə, “Verywell Health” nəşrinin yazdığına görə, böyrəklərin vəziyyətindən asılı olaraq faydalı ola biləcək başqa içkilər də var.
Qaaynarinfo-nun məlumatına görə, məqalənin müəllifləri, jurnalist Ceyms Mayr və tibb elmləri doktoru Dennis Sifris izah ediblər ki, böyrəklər qandakı tullantıları süzür, mineralların balansını qoruyur və orqanizmdəki maye miqdarını tənzimləyir. Su böyrəklərə qan axınını dəstəkləyərək və tullantıların sidik vasitəsilə xaric olunmasına kömək edərək bu funksiyaların yerinə yetirilməsinə şərait yaradır.
Kifayət qədər maye qəbulu sidiyi də durulaşdırır və böyrək daşlarının yaranmasına səbəb ola biləcək mineralların konsentrasiyasını azaldır. ABŞ Milli Diabet, Həzm və Böyrək Xəstəlikləri İnstitutunun (NIDDK) məlumatına görə, kifayət qədər maye, əsasən də su içmək böyrək daşlarının yaranmasının qarşısını almaq üçün ən vacib qidalanma tədbiridir.
Müəlliflər suyun axşam saatlarında içilən digər içkilərlə müqayisədə üstünlüklərini də sadalayıblar. Su şəkər, kalori və potensial zərərli əlavələr ehtiva etmir, yuxunu poza bilən kofeinsiz maye təmin edir, orqanizmdə normal maye balansının və sidik əmələgəlməsinin qorunmasına kömək edir.
Bununla belə, mütəxəssislər axşam yeməyindən sonra su içməyin böyrəklərə günün daha erkən saatlarında su içməkdən daha çox fayda verdiyini sübut edən dəlillərin olmadığını vurğulayırlar. Amerika Böyrək Fondunun qeyd etdiyi kimi, əsas məsələ gün ərzində müntəzəm olaraq kifayət qədər maye qəbul etməkdir.
“Məsələ böyrəklərin ‘yuyulması’ üçün çoxlu su içməkdən getmir. Bu, gecə tualetə getmə ehtimalını artırmaqla yanaşı, artıq mayeni səmərəli şəkildə xaric edə bilməyən, xroniki böyrək xəstəliyinin irəliləmiş mərhələsində olan insanlar üçün zərərli də ola bilər”, – deyə məqalədə bildirilir.
Belə hallarda su qəbulunu artırmazdan əvvəl həkimlə məsləhətləşmək tövsiyə olunur. Müəlliflər gecə saatlarında içilə bilən, böyrəklərə zərər verməyən daha dörd içki variantını da təqdim ediblər.
Qazlı su
Nəşr bildirir ki, şəkərsiz qazlı su orqanizmi adi su qədər effektiv nəmləndirir. Buna görə də o, şəkərli sərinləşdirici içkilərə yaxşı alternativdir.
Amerika Böyrək Fondu qazlı içkiləri sevən böyrək xəstələrinə sadə qazlı su içməyi tövsiyə edir. Suyun dadını yaxşılaşdırmaq üçün ona təzə nanə, bir dilim limon və ya az miqdarda zoğal şirəsi əlavə etmək olar.
“Sadə qazlı suyun tərkibində əlavə şəkər və potensial zərərli əlavələr olmasa da, bütün qazlı içkilərin eyni olduğunu düşünmək olmaz. Mineral suyun tərkibində natrium ola bilər, ətirli sulara isə çox vaxt əlavə şəkər və ya fosfat əlavələri qatılır. Xroniki böyrək xəstəliyi olan insanlara bu maddələrin qəbulunu məhdudlaşdırmaq lazım gələ bilər”, – deyə məqalədə xəbərdarlıq edilir.
Müəlliflər qazlı su alarkən onun tərkibində əlavə maddələrin olmadığından əmin olmaq üçün etiketini diqqətlə oxumağı məsləhət görürlər.
Zoğal şirəsi
Zoğal şirəsinin tərkibində antioksidant xüsusiyyətlərə malik bitki birləşmələri olan polifenollar var. “Molecules” jurnalında dərc olunmuş araşdırmaya əsasən, bu maddələr böyrəkləri hüceyrə zədələnməsindən qoruya bilər.
Milli Böyrək Fondunun tövsiyələrinə görə, şəkər əlavə edilməmiş zoğal şirəsi ölçülü miqdarda qəbul edildikdə böyrək xəstəliyi olan insanlar üçün uyğun içki hesab olunur.
“Ehtiyatlı olmaq üçün şirəni kiçik porsiyalarla için və ya su ilə durulaşdırın. Əlavə şəkər olmasa belə, zoğal şirəsinin tərkibində təbii şəkərlər və kalium var. Xroniki böyrək xəstəliyinin irəliləmiş mərhələsində olan insanlar, xüsusilə də şəkərli diabetdən əziyyət çəkənlər, bu maddələrin qəbuluna nəzarət etməli ola bilərlər”, – deyə nəşrdə qeyd olunur.
Bitki çayı
Şəkərsiz və kofeinsiz bitki çayı orqanizmi əlavə şəkər olmadan maye ilə təmin edir. Məqalədə bildirilir ki, axşam yeməyindən sonra bir fincan ilıq çay sakitləşdirici təsir göstərə və kofeinli qəhvə və çaydan fərqli olaraq yuxuya mane olmaya bilər.
Böyrək xəstəliyi olan insanlar üçün uyğun içkilərə nanə və çobanyastığı çayları daxildir. Yaşıl çay da yüksək polifenol tərkibinə görə faydalı ola bilər. Lakin onun tərkibində nisbətən çox kofein olduğundan yuxuya getməyi çətinləşdirə bilər.
Bununla belə, bütün bitki çaylarının təhlükəsiz olduğunu düşünmək olmaz. Amerika Böyrək Fondu xəbərdarlıq edir ki, biyan kökü, qatırquyruğu və gicitkən tərkibli çaylar xroniki böyrək xəstəliyinin istənilən mərhələsində risk yarada bilər.
“Özünüzü riskə atmamaq üçün qəbul etdiyiniz bütün bitki mənşəli əlavələr, o cümlədən bitki çayları barədə həkimlə məsləhətləşin. Böyrəkləri təmizlədiyi və ya toksinləri xaric etdiyi iddia olunan vasitələrdən də uzaq durun”, – deyə mütəxəssislər vurğulayıblar.
Durulaşdırılmış sitrus şirəsi
Müəlliflərin sözlərinə görə, limon, laym və portağal şirələrinin tərkibində sitrat var. Bu maddə böyrək daşlarının bəzi növlərinin, xüsusilə kalsium-oksalat daşlarının yaranmasının qarşısını almağa kömək edə bilər.
Sitrat sidikdə kalsiumla birləşərək onun oksalatla birləşməsi və kristallar əmələ gətirməsi ehtimalını azaldır.
“Nutrients” jurnalında dərc olunmuş araşdırma göstərib ki, limon, laym və portağal şirələri sidikdə sitrat səviyyəsini artıra bilər. Bununla belə, onların böyrək daşlarının yaranma riskini faktiki olaraq nə dərəcədə azaltdığı hələ də tam aydın deyil.
Buna baxmayaraq, suya az miqdarda sitrus şirəsi əlavə etmək içkinin dadını yaxşılaşdırır və orqanizmin maye ilə təmin olunmasına kömək edir. Eyni zamanda, bu üsul təbii şəkərlərin və portağal şirəsində olan kaliumun qəbulunu məhdudlaşdırmağa imkan verir.
Müəlliflər əlavə edirlər ki, şirənin su ilə durulaşdırılması onun turş dadını və turşuluğunu azaldır. Bu da mədənin qıcıqlanması ehtimalını aşağı sala bilər.
Aydın