
Misir prezidenti Əbdülfəttah əs-Sisi 2030-cu ildə vəzifəsini tərk edəcəyini və hakimiyyətdə qalmaq üçün konstitusiyanı dəyişdirməyəcəyini bildirib.
Qaynarinfo xəbər verir ki, bu barədə dövlət başçısının Misir Hərbi Akademiyasında çıxışına istinadən “Roayah News” nəşri məlumat yayıb.
“2030-cu il mənim prezidentlik müddətimin sonu olacaq. Bu məsələ tamamilə həll olunub və artıq bu barədə danışılmayacaq”, deyə Misir lideri bildirib.
Əs-Sisi, həmçinin yeni nəsil rəhbər kadrların hazırlanması proqramını elan edib. Parlament sədrinin rəhbərlik edəcəyi komitə 40–50 yaş arası namizədlərin seçilməsi meyarlarını hazırlayacaq. Seçilən şəxslər hərbi akademiyada 30 ay müddətində təlim keçəcəklər.
“Dövləti idarə edəcək insanların hazırlanması üçün dəstəyinizə ehtiyacım var. Söhbət təkcə prezident vəzifəsindən deyil, bütün sahələrdən gedir”, deyə prezident qeyd edib.
O, özünün varisləri sırasından qohumlarından birini hazırladığı barədə ehtimalları rədd edib. Əs-Sisinin sözlərinə görə, Misir özündən “100 dəfə daha yaxşı” liderlər yetişdirmək iqtidarındadır və namizədlərin seçimi obyektiv meyarlar əsasında aparılacaq.
Prezident əmin edib ki, ölkəni “pis niyyətli, xain və ya cinayətkar” şəxs idarə etməyəcək.
Əbdülfəttah əs-Sisi 2014-cü ildən Misir prezidentidir. Qüvvədə olan konstitusiyaya əsasən, o, 2030-cu ildən sonra növbəti prezidentlik müddəti üçün namizədliyini irəli sürə bilməz.
Aydın