"Əvvəlki illərdə olduğu kimi, bu il də ali təhsil müəssisələrinə qəbul zamanı əksər abituriyentlər arzuladıqları ixtisasları seçə bilmədilər".
Bunu Qaynarinfo-ya açıqlamasında təhsil eksperti Məzahir Məmmədli bildirib.
Onun sözlərinə görə, Azərbaycanda bu il narahatlıq doğuran hallardan biri də respublika fənn olimpiadalarının qaliblərinin ali təhsil müəssisələrinə müsabiqədənkənar, yəni imtahan vermədən qəbul olunması olub:
"Bu da müəyyən qədər valideynlər arasında gərginlik yaratdı. 680-690 bal toplayıb həmin yerə iddia edənlər çətin vəziyyətdə qaldılar, xəyal etdikləri ixtisasları seçə bilmədilər. Bununla bağlı sosial şəbəkələrdə də geniş müzakirələr aparıldı. Əsas məqsəd respublika fənn olimpiadalarının qaliblərinin həmin yerləri tutması məsələsi deyildi. Sadəcə, plan yerlərinə əlavələrin edilməsi ilə bağlı idi. Respublika fənn olimpiadalarının qaliblərinin qəbuluna ciddi etiraz yoxdur. Müsabiqədənkənar qəbul olunan olimpiada qalibləri digər ayrılmış yerləri tutmamalıdırlar. Bu elə qurulmalıdır ki, həmin plan yerlərinə yüksək nəticə göstərən abituriyent qəbul olunsun, fənn olimpiadalarının qalibləri isə müsabiqəsiz qəbul oluna bilsinlər".

Ekspert hesab edir ki, növbəti illərdə bu məsələ ilə bağlı Elm və Təhsil Nazirliyi və Dövlət İmtahan Mərkəzi (DİM) Nazirlər Kabineti qarşısında məsələ qaldırmalıdır:
“Bu kimi hallarda ayrılan plan yerləri yüksək nəticə göstərən abituriyentlər üçün nəzərdə tutulmalıdır. Bu il 61 156 plan yerinə 58 947 nəfər qəbul olundu. Azərbaycanda ali təhsil sistemində mübarizə aparanlardan 30 mini kənarda qaldı. Hər il nəzərdə tutulur ki, 2027-ci ilə qədər qəbul sayı 65 minə çatdırılacaq. Amma bu il nəticələr dəyişmədi. Plan yerləri cüzi artdı”.
Məzahir Məmmədlinin fikrincə, iki universitetin — Bakı Qızlar Universitetinin bağlanması və Naxçıvan Müəllimlər Universitetinə qəbulun aparılmaması pedaqoji ixtisaslar üzrə müraciət edən abituriyentlər üçün əlavə problem yaradıb.
Bahar Rüstəmli
Şərhlər