Dünyanın ən quraq səhrası, Çilinin şimalındakı Atakama sakinləri cümə axşamı səhər inanılmaz mənzərədən şoka düşüblər: Səhra qar altında qalıb.
Qayanrinfo bu barədə "Agence France-Presse" agentliyinə istinadən xəbər verir.
Dünyanın ən qaranlıq gecə səmalarına sahib olması ilə tanınan Atakama onilliklər ərzində böyük astronomik rəsədxanalar üçün ideal yer olub. Avropa Cənub Rəsədxanası, ABŞ-dakı Milli Radio Astronomiya Rəsədxanası və Yaponiya Milli Astronomiya Rəsədxanasının birgə müəssisəsi olan ALMA Teleskopu dünyanın ən güclü teleskopu hesab olunur.
"İnanılmazdır! Dünyanın ən quraq səhrası olan Atakama qarla örtülüb", deyə 2900 metr hündürlükdə yerləşən ALMA rəsədxanası ağ səhranın videosunu dərc edərək X platformasında yazıb.
ALMA qeyd edib ki, qar adətən nəhəng teleskopların quraşdırıldığı 5000 metr hündürlükdə yerləşən Çajnanator yaylasına düşür, lakin onilliklər ərzində bu, rəsədxananın əsas ərazisində baş verməyib.
Santyaqo Universitetinin klimatoloqu Raul Kordero bildirib ki, qar yağmasını birbaşa iqlim dəyişikliyi ilə əlaqələndirmək hələ tezdir, lakin iqlim modelləri Atakama səhrasında yağıntıların daha tez-tez baş verəcəyini göstərir.
Sərt səhra landşaftının fonunda qar örtüyü alimlər və bğlgə sakinləri üçün əsl hədiyyə olub, onlara hava hadisələrinin gözlənilməzliyini xatırladır.
Aydın
Şərhlər