İnsanın ən məşhr qədim əcdadlarından biri hesab edilən Homo habilis (bacarıqlı insan) əslində Homo (insan) cinsinə aid olmaya bilər.
Qaynarinfo xəbər verir ki, bu qənaətə Amerika Təbiət Tarixi Muzeyinin paleoantropoloqu İen Tattersoll gəlib. Alimin məqaləsi "The Anatomical Record” jurnalında dərc olunub.
Yeni müzakirələrə səbəb Keniyada indiyədək tapılmış ən tam Homo habilis skeletinin aşkar edilməsi olub. Yeni tapıntı alimlərə ilk dəfə olaraq bu qədim homininin bədən quruluşunu və ətraflarının anatomiyasını ətraflı öyrənməyə imkan verib.
Tattersollun sözlərinə görə, skeletin anatomik xüsusiyyətləri göstərir ki, Homo habilis, Homo cinsinin nümayəndələrindən daha çox insanabənzər meymunlara oxşayıb.
Bu növün tədqiqi 1964-cü ildə məşhur paleoantropoloq Luis Liki tərəfindən Tanzaniyada təxminən iki milyon il yaşı olan çənə sümüyünün təsvir edilməsindən başlayıb. Həmin vaxt tapıntıya Homo habilis adı verilib.
O dövrdə alimlər insanın mənşəyini əsasən daş alətlər hazırlamaq bacarığı ilə əlaqələndirirdilər. Tapıntının yaxınlığında ən qədim daş alətlərin aşkar olunması səbəbindən bu növ avtomatik olaraq Homo cinsinə daxil edilmişdi.
Lakin Tattersoll hesab edir ki, alətlərdən istifadə etmək bacarığı bir növün insan cinsinə aid edilməsinin əsas meyarı ola bilməz. Onun fikrincə, Homo habilis müasir insanla ortaq morfoloji xüsusiyyətlərin demək olar ki, heç birinə malik deyil.
Alim qeyd edir ki, paleoantropoloqlar uzun illər süni seçim qarşısında qalıblar: əgər tapılmış fosili avstralopiteklərə aid etmək mümkün olmurdusa, o, avtomatik şəkildə Homo cinsinə daxil edilirdi. Tattersollun fikrincə, bu yanaşma uzun illər davam edən elmi qarışıqlığa səbəb olub.
Hazırda getdikcə daha çox tədqiqatçı hesab edir ki, Homo cinsinin ilk həqiqi nümayəndəsi Homo ergaster, yəni Afrika mənşəli Homo erectus olub. Məhz bu növdə insan təkamül xəttinə xas əsas anatomik xüsusiyyətlər ilk dəfə aydın şəkildə müşahidə edilir.
Əgər bu nəzəriyyə təsdiqlənərsə, Homo habilis təkamül ağacında yeni mövqe ala və artıq Homo cinsindən kənarda təsnif edilə bilər.
Aydın
Şərhlər