Yeni Dövlət Proqramında əsas istiqamətlərdən biri kimi könüllü sığorta mexanizmlərinin inkişafı müəyyənləşdirilib. Sənəddə könüllü tibbi sığortanın təşviqi prioritet məsələlər sırasında yer alıb.
Könüllü sığorta sistemi nədir? Bu sığorta insanlara nə verəcək?
Könüllü tibbi sığortanın mahiyyəti və perspektivləri barədə Qaynarinfo-ya danışan tibbi ekspert Aydın Əliyev bildirib ki, Azərbaycan üçün hazırkı mərhələdə İcbari Tibbi Sığorta daha vacib mexanizmdir:
"Dünyada sığortanın müxtəlif növləri mövcuddur. İcbari Tibbi Sığorta vacib və zəruri sistemdir. Azərbaycan cəmiyyətində tibbi savadlılıq və maarifləndirmə səviyyəsi hələ də kifayət qədər yüksək deyil. Könüllü sığorta isə insanların öz istəkləri ilə sığortalanması deməkdir. Şəxs hər ay gəlirindən müəyyən məbləğ ödəyərək özünü tibbi baxımdan sığortalayır. Bunu etməyənlər isə həmin imkanlardan yararlana bilmirlər və tibbi xidmətlərə görə vəsaiti özləri ödəməli olurlar. Hesab edirəm ki, hazırkı şəraitdə könüllü sığorta bizim cəmiyyət üçün ciddi effekt verməyəcək".
Aydın Əliyevin sözlərinə görə, könüllü tibbi sığortanın tətbiqindən əvvəl geniş maarifləndirmə işləri aparılmalıdır:
"Bu proses mərhələli şəkildə həyata keçirilməlidir. Eyni zamanda, könüllü sığorta çərçivəsində əlavə imkanlar da yaradıla bilər. Məlumdur ki, İcbari Tibbi Sığorta bütün tibbi xidmətləri əhatə etmir. Könüllü sığorta paketlərində isə daha geniş xidmətlər təklif oluna bilər. Məsələn, könüllü sığortadan yararlanan şəxslərə əlavə tibbi xidmətlər təqdim edilə bilər".
Ekspert inkişaf etmiş ölkələrdə geniş yayılan sosial həmrəylik modelinə də diqqət çəkib:
"İmkanlı şəxslər və iş adamları əhalinin sağlamlığının qorunmasına dəstək məqsədilə sığorta fondlarına ianələr edirlər. Bu təcrübə inkişaf etmiş ölkələrdə kifayət qədər geniş yayılıb. Təəssüf ki, bizim cəmiyyətdə bu istiqamət zəif inkişaf edib".
Aydın Əliyev hesab edir ki, bu sahədə həm maarifləndirmə, həm də şəffaflıq mexanizmləri gücləndirilməlidir:
"İnsanlar əmin olmalıdırlar ki, ödədikləri vəsaitlər yalnız nəzərdə tutulan məqsədlər üçün istifadə ediləcək. Cəmiyyətdə müəyyən inamsızlıq mövcuddur və bu amil də nəzərə alınmalıdır. Bu istiqamətdə ciddi iş aparılmalıdır. Hazırda insanların əksəriyyəti könüllü sığorta almaq imkanlarının olmadığını düşünür. Buna görə də bu gün üçün İcbari Tibbi Sığorta Azərbaycan cəmiyyəti üçün daha böyük əhəmiyyət daşıyır".
Qeyd edək ki, Yeni Dövlət Proqramında könüllü tibbi sığorta mexanizmlərinin inkişafı və bu sahədə təşviq tədbirlərinin gücləndirilməsi əsas prioritetlərdən biri kimi müəyyənləşdirilib.
Bahar Rüstəmli
Şərhlər