Amal Abuşov
İdman 11:58 14.08.2021

Namiq “dezertir”dimi?

Amal Abuşov

"Neftçi”nin düşərgəsi çalxalanır. Düzdü, komanda bir neçə gündən sonra Hayfa "Makkabi”sinə qarşı vacib oyun keçirəcək. Bu qarşılaşmanın nəticəsinə görə "Neftçi”nin avrokubok mübarizəsi soyuq qış aylarına qədər uzana bilər. Amma HİK-ə 0:3 hesablı məğlubiyyətdən sonra "Neftçi”nin avrokuboklardakı perespektivi, iddiaları, Samir Abasovun məşqçilik potensialı arxa plana keçib.

İndi daha çox müzakirə olunan Namiq Ələsgərovun "Neftçi”ni tərk etməsi, "Bursaspor”a yollanmasıdı. Hadisələrin gedişatı onu göstərir ki, tezliklə bu transfer reaallaşacaq və Ələsgərov "yaşıl timsahlar”ın üzvünə çevriləcək. Onun yoxluğu HİK-lə oyunlarda da, "Olimpiakos”la Bakıdakı qarşılaşmada da özünü göstərdi. Adam hücumçu olmasa belə "Neftçi”nin "vuran ayağı”na çevrilmişdi. Ötən mövsümün gedişində dəfələrlə səhnəyə çıxmış, "ağ-qaralar” üçün vacib qollar vurmuşdu. Təsadüfi deyil ki, bu qollar onu bombardir, "Neftçi”ni isə çempion etdi. 

Namiq gedir. Özü də getməkdə israrlıdı. Hətta o qədər israrlıdı ki, ayrılıq üçün tələb olunan 50 min avronu da öz cibindən klubun büdcəsinə ödəyib. "Məni buraxın, getmək istəyirəm” – deyir. Gedəni isə saxlamazlar.

İllər öncə "Neftçi” Avropa Liqasının qrup mərhələsində çıxış edirdi. Komandanın heyətində yerli gənclərin sayı isə yetərincə idi. Cavid İmamverdiyev, Araz Abdullayev, Tərlan Quliyev, Elvin Yunuszadə, Emin Mehdiyev, Amit Quluzadə... hər biri yıxılan bir evin dirəyi. Klubun vitse-prezidenti Tahir Süleymanov "bizim elvinlərimiz, arazlarımız, cavidlərimiz var” deyəndə çoxları lağ-lağı edir, illərin futbol adamının sözündə nə boyda hikmət olduğunu anlamırdı. Həmin futbolçular ardıcıl ölkə çempionu olan, Avropa Liqasının qrup mərhələsinə yüksələn "Neftçi”nin əsas heyətində oynayacaq gücdə idilər. Özü də o illər Azərbaycan Premyer Liqasında rəqabətin hansı səviyyədə olduğunu yaxşı bilirik. "İnter” vardı, "Bakı” vardı, "Xəzər Lənkəran” vardı, "Qəbələ” ilə "Qarabağ”ın da gücü öz yerində. Bu gün "Neftçi”nin kimi var? Bir Emin Mahmudovdu, onu ruslar yetişdirib. Bir də "Bakı” Futbol Akademiyasının yetirməsi Namiq vardı, o da yol üstündədi. Bəlkə də artıq Bursaya çatıb.

Hanı arazlar, cavidlər, eminlər, amitlər, tərlanlar? Hara getdilər? Nə üçün ötən 10 ildə "Neftçi” onların davamçılarını yetişdirə bilmədi? Cavab çox sadədi. İstəmədilər, bacarmadılar, başları başqa işlərə qarışdı. İndi də qalıblar bir Namiqin, bir də Eminin ümidinə. Hə, bir də bir yığın vecsiz legionerləri var.

Namiq Ələsgərov getmək istəyirsə, ondan fərari obrazı yaratmaq lazım deyil. Adam xoşbəxtliyini başqa yerdə axtarır, ölkəmizi Türkiyədə təmsil etməyə gedir. Özü də müqavilə ilə üzərinə düşən öhdəliklərin hamısını da yerinə yetirir. Ələsgərovu rahat buraxın, cənablar. Ona uğur arzulayın. Çünki uğurlu olsa, sizin üçün də qürur yeri olacaq!