
“Qalatasaray”ın “Kasımpaşa”nı 3:1 hesabı ilə məğlub etdiyi oyundan sonra İlkay Gündoğanın stadiondan ayrılarkən səsləndirdiyi fikirlər gündəm olmuşdu. İddialara görə, İstanbul təmsilçisində təcrübəli futbolçunun gələcəyi ilə bağlı qərar verilib.
Qaynarinfo xəbər verir ki, “Qalatasaray”da qış transfer pəncərəsi üçün hazırlıqlar başlayıb. Klubun hazırkı heyətində yer alan futbolçularla bağlı qiymətləndirmələrin də davam etdiyi bildirilir. Bu prosesdə İlkay Gündoğanın adı ön plana çıxıb.
“Kasımpaşa” ilə matçda meydana çıxmayan 35 yaşlı yarımmüdafiəçi oyundan sonra ona ünvanlanan “Barselona” matçına hazırsanmı?” sualına “Axı oynamıram!” cavabını vermişdi. Daha əvvəl futbolçunun həyat yoldaşı Sara Gündoğan da narazılığını ifadə edərək bildirmişdi: “Əgər onun niyə oynamadığını soruşmaq istəyirsinizsə, məndən yox, məşqçinizdən — Okan Burukdan soruşun”.
Baş verənlərdən sonra “Sabah” qəzetində yayımlanan xəbərə görə, İlkay Gündoğan “Qalatasaray”dan qış fasiləsində ayrılacaq ilk futbolçu olacaq. Bu mövsüm ümumilikdə cəmi 11 dəqiqə meydanda olan yarımmüdafiəçi ilə yanvar ayında yolların ayrılacağı iddia edilir.
İlkay Gündoğan “Qalatasaray”da ildə 4 milyon 500 min avro qazanır. Almaniyalı futbolçunun İstanbul klubu ilə müqaviləsi isə mövsümün sonunda başa çatır. Klub məsələ ilə bağlı hələlik rəsmi açıqlama verməyib.
Aydın

