"OpenAI"ın qurucusu və ChatGPT-nin yaradıcısı Sem Altman yeni "Merge Labs" startapını işə salıb. Şirkətin əsas məqsədi qeyri-invaziv "beyin–kompüter” interfeysinin hazırlanmasıdır.
Qaynarinfo xəbər verir ki, bu barədə "TechCrunch" yazıb.
"Neuralink" kimi həllərdən fərqli olaraq, yeni interfeys baş beynin toxumalarına implantasiya olunmadan işləyə biləcək. Çip neyronlarla molekulyar səviyyədə əlaqə quracaq və məlumatı ultrasəs vasitəsilə ötürəcək. Sem Altmanın sözlərinə görə, artıq bunun mümkün olduğunu sübut edən ilkin nəticələr mövcuddur.
Ən böyük investor "OpenAI" olub: şirkət "Merge Labs"a 850 milyon dollar dəyər qiymətləndirməsi ilə 250 milyon dollar investisiya yatırıb. İnvestorlar arasında "Bain Capital" və "Valve" şirkətinin rəhbəri Qeyb Nyuel də var. Tərtibatçıların planına görə, bu cür interfeyslər insanla süni intellekt arasında yeni qarşılıqlı əlaqənin əsasını təşkil edəcək.
Kommersiya məhsulunun yaradılması illər, hətta onilliklər çəkə bilər, lakin investorların marağı neyrointerfeyslər bazarının yüksək potensialını göstərir. Hazırda "Merge Labs" əsas diqqətini fundamental tədqiqatlara yönəldib və artıq kəllə-beyin travmaları olan pasiyentlər üzərində sınaqlar aparır.
Sem Altman daha əvvəl bildirmişdi ki, başına heç nə implantasiya etdirmək istəməzdi, lakin sadəcə düşünməklə ChatGPT-nin cavab verdiyi bir texnologiya arzusundadır. "OpenAI" rəhbəri həmçinin süni intellektin "bütün həyatımızı” yadda saxlamasını istəyir.
Xatırladaq ki, 2025-ci ilin oktyabrında İlon Maskın "Neuralink" şirkəti düşüncələri mətnə çevirə bilən neyroimplantın klinik sınaqlarına başlayıb. Texnologiya ilk növbədə ağır nitq pozuntuları olan pasiyentlərə kömək məqsədi daşıyır.
Şirkət 2030-cu ilə qədər sağlam insanları da çipləməyi planlaşdırır. Bu, onlara düşüncə gücü ilə kompüterləri idarə etməyə və "telepatik” şəkildə, o cümlədən çat-botlarla – "sözləri tələffüz etməkdən belə daha sürətli” ünsiyyət qurmağa imkan verəcək.
Bundan əlavə, "Neuralink" anadangəlmə kor insanlara belə görmə qabiliyyətini qaytara bilən "Blindsight" adlı yeni cihaz üzərində işləyir. Bu qurğu artıq ABŞ Qida və Dərman Administrasiyasından (FDA) təsdiq alıb.
Aydın
Şərhlər